Əli Hüseynli: Yeni qanun layihəsi korrupsiyaya qarşı mübarizə üçün əhəmiyyətlidir
“İndi ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib. Beynəlxalq təcrübə daha da dərindən öyrənilib və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında qanunu indiki şəraitdə zəruri və əhəmiyyətli hesab edirik”.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli parlamentdə “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Əli Hüseynli bildirib ki, hələ 2000-ci illərin əvvəllərində parlamentdə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun və digər mühüm qanunlar qəbul edilib, daha sonra bu sahə ilə bağlı müvafiq qərarlar və Prezident fərmanları imzalanıb.
Onun sözlərinə görə, həmin illərdə də korrupsiyaya qarşı mübarizədə bu münasibətləri tənzimləyən sənədin qəbul edilməsi, o cümlədən maraqlar toqquşması ilə bağlı məsələlərin qanunvericilikdə əks olunması ideyası mövcud olub.
Komitə sədri qeyd edib ki, yeni qanun layihəsinin qəbulu bir sıra qanunvericilik aktlarına dəyişikliklərin edilməsini də zəruri edəcək.
“Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” qanuna təklif olunan dəyişikliklərə toxunan Əli Hüseynli bildirib ki, bundan sonra korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslər də həmin şəxslər sırasında nəzərdə tutulacaq.
Onun sözlərinə görə, məlumat verən şəxslər razılıqları əsasında şahid qismində cinayət prosesinə cəlb oluna biləcəklər. Bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə də əlavələr və dəyişikliklər təklif olunur.
Əli Hüseynli “Vəkillik və vəkillik fəaliyyəti haqqında” qanuna nəzərdə tutulan yeniliyə də diqqət çəkib. O bildirib ki, korrupsiya ilə əlaqədar hüquqpozma barədə məlumat verən şəxslərə dövlət hesabına hüquqi yardım göstərilməsi nəzərdə tutulur.
Komitə sədri vurğulayıb ki, digər qanunlara təklif olunan əlavə və dəyişikliklər də əsas qanun layihəsi ilə birbaşa əlaqəlidir.
“Ümumilikdə isə bu layihəni əhəmiyyətli hesab edirik və əminəm ki, parlamentdə komitələrimizin iradəsini dəstəkləyəcək və bu qanun layihəsi qəbul olunacaq”, – deyə Əli Hüseynli qeyd edib.
dəqiqələr içində saytın olsun.