Türkdilli ölkələrin futbolçuları Türkiyədə legioner sayılmaya bilər
Türkiyə türkdilli ölkələrdən gələn futbolçuların legioner statusundan çıxarılması və iki ildən bir Türk Kuboku adlı beynəlxalq futbol turnirinin təşkili istiqamətində işlərə başlayır.
Operativ Media xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbəri Kürşad Zorlu məlumat verib.
O bildirib ki, Türk Dövlətləri Təşkilatına daxil olan 8 dövlət hazırda 30-dan çox istiqamətdə əməkdaşlıq edir. Bu sahələr arasında gənclər arasında əlaqələrin gücləndirilməsi və idmanın inkişafı xüsusi əhəmiyyət daşıyır.
Kürşad Zorlu qeyd edib ki, Türkiyə Futbol Federasiyasının prezidenti ilə məsələ müzakirə olunub. Türk dünyasından Türkiyəyə gələn futbolçuların legioner statusundan yerli futbolçu statusuna keçirilməsi ilə bağlı işlərə başlanacaq.
O, həmçinin iki ildən bir Türk Kuboku adı altında türk dövlətlərinin milli komandalarının iştirakı ilə futbol turnirinin keçirilməsinin planlaşdırıldığını bildirib. Bu istiqamətdə Türkiyə Futbol Federasiyası və Gənclər və İdman Nazirliyi ilə birgə fəaliyyətə başlanacaq.