Ülviyyə Həmzəyeva: Məktəbin əsas missiyası uşaqlara keyfiyyətli təhsil verməkdir
Məktəbin əsas vəzifəsi uşaqlara keyfiyyətli təhsil vermək, onların bilik və bacarıqlarını inkişaf etdirmək, sağlam düşüncə və qarşılıqlı hörmət əsasında formalaşmalarına şərait yaratmaqdır. Vahid məktəbli geyimi isə bu təhsil mühitinin və məktəb mədəniyyətinin formalaşmasına töhfə verən vasitələrdən biridir.
Operativ Media xəbər verir ki, bunu deputat Ülviyyə Həmzəyeva bildirib.
O qeyd edib ki, məktəb yalnız bilik və bacarıqların əldə edildiyi məkan deyil, həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial davranış qaydalarını və birgəyaşayış mədəniyyətini öyrəndiyi mühüm mühitdir.
Deputatın sözlərinə görə, vahid məktəbli geyimi şagirdlər arasında geyimin qiyməti, markası və zahiri görünüşü ilə bağlı fərqlərin ön plana çıxmasını azalda bilər. Bu isə diqqətin daha çox təhsilə, bilik və bacarıqlara yönəlməsinə kömək edir.
“Əlbəttə, məktəbli forması sosial bərabərsizliyi tam aradan qaldırmır. Lakin bütün şagirdlər üçün ortaq qaydaların mövcudluğu bərabərlik və kollektivə mənsubiyyət hissini gücləndirən amillərdən biridir”, – deyə U.Həmzəyeva bildirib.
O vurğulayıb ki, vahid geyim məktəb mədəniyyətinin formalaşmasında və şagirdlərdə ümumi qaydalara hörmət hissinin inkişafında müəyyən rol oynaya bilər. Bununla belə, əsl intizam yalnız geyim qaydalarına əməl etməklə məhdudlaşmır, uşaqların qaydaların mahiyyətini anlaması və başqalarının hüquqlarına hörmət göstərməsi ilə də bağlıdır.
Deputat məktəblərdə dünyəvilik prinsipinin qorunmasının vacibliyini də qeyd edib. Onun sözlərinə görə, dünyəvi təhsil məktəbin bütün uşaqlar üçün ortaq təhsil məkanı kimi fəaliyyət göstərməsini nəzərdə tutur.
“Dini inanclara hörmətlə yanaşmaq və məktəbdə ümumi geyim qaydalarına riayət olunmasını təmin etmək bir-birinə zidd anlayışlar kimi təqdim edilməməlidir”, – deyə deputat bildirib.
U.Həmzəyeva hesab edir ki, məktəbli geyimi ilə bağlı müzakirələrdə əsas diqqət uşaqların təhsilinə və sağlam mühitdə inkişafına yönəlməlidir. Bu məsələdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər arasında dialoq, qarşılıqlı anlaşma və etimad mühüm əhəmiyyət daşıyır.
“Məktəbin əsas missiyası uşaqları eyni geyindirmək deyil, onlara keyfiyyətli təhsil vermək, sağlam düşüncə, yüksək mənəvi dəyərlər və qarşılıqlı hörmət aşılamaqdır”, – deyə U.Həmzəyeva qeyd edib.