Könül Nurullayeva: Uşaqların yaşlarına uyğun olmayan dini təbliğata cəlb edilməsi yolverilməzdir
Qız uşaqlarının hüquqlarının qorunması, təhsil imkanlarının genişləndirilməsi və onların təhlükəsiz mühitdə böyüməsinin təmin edilməsi cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir.
Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Könül Nurullayeva bildirib.
O qeyd edib ki, Beynəlxalq Qızlar Gününün təsis olunması qız uşaqlarının hüquqlarının müdafiəsi və onların üzləşdiyi problemlərin ictimaiyyətin diqqətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Deputatın sözlərinə görə, dünyanın bir çox ölkəsində qız uşaqları ayrı-seçkilik, erkən nikah və təhsildən məhrum edilmə kimi problemlərlə üzləşirlər. Halbuki hər bir qız uşağı təhlükəsiz mühitdə böyümək, təhsil almaq, bacarıqlarını inkişaf etdirmək və gələcəyini sərbəst şəkildə qurmaq hüququna malikdir.
K.Nurullayeva bildirib ki, Azərbaycanda qız uşaqlarının hüquqlarının müdafiəsi təhsil, səhiyyə, sosial müdafiə, zorakılığın qarşısının alınması və erkən nikahlarla mübarizə istiqamətlərini əhatə edir.
O, Azərbaycanın 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkələrdən biri kimi tarixə düşdüyünü xatırladıb.
Deputat erkən nikahların qızların gələcəyinə mənfi təsirlərinə də diqqət çəkib. O vurğulayıb ki, uşaq yaşlarında nikaha məcbur edilən qızlar təhsillərini yarımçıq qoymaq, sağlamlıq riskləri ilə üzləşmək və sosial imkanlarını itirmək təhlükəsi daşıyırlar.
K.Nurullayeva qız uşaqlarının yaşlarına və psixoloji inkişaf xüsusiyyətlərinə uyğun olmayan dini və ideoloji təbliğata cəlb edilməsi məsələsinə də toxunub. O bildirib ki, dini etiqad azadlığı fundamental insan hüququ olsa da, uşaqların dini baxışları formalaşarkən onların yaş xüsusiyyətləri və seçim etmək imkanları nəzərə alınmalıdır.
Deputatın fikrincə, əsas məqsəd qız uşaqlarının təzyiq və məcburiyyətlə üzləşməməsi, yaşlarına uyğun məlumat əldə etməsi və azad şəxsiyyət kimi formalaşmasıdır.
O əlavə edib ki, qız uşaqlarının hüquqlarının qorunması yalnız qanunların mövcudluğu ilə ölçülməməlidir. Hər bir qızın təhlükəsiz yaşamaq, təhsil almaq, fikrini ifadə etmək və gələcəyini qurmaq imkanına malik olması əsas meyar olmalıdır. Bu hüquqların təmin olunmasında dövlət qurumları, ailələr, məktəblər və vətəndaş cəmiyyəti birgə fəaliyyət göstərməlidir.