Deputat: Mobil nömrələrin yenidən dövriyyəyə buraxılması informasiya təhlükəsizliyi məsələsidir
Mobil nömrələrin istifadədən çıxarıldıqdan sonra yenidən satışa çıxarılması və ya başqa abonentin istifadəsinə verilməsi ilə bağlı bir məsələni diqqətə çatdırmaq istəyirəm.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, deputat Razi Nurullayev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, artıq telefon nömrəsi sadəcə danışıq və SMS vasitəsi deyil. Bu gün vətəndaşlar bank hesablarını, sosial şəbəkə hesablarını, elektron poçtlarını, müxtəlif tətbiqləri, dövlət və digər elektron xidmətləri mobil nömrələri ilə əlaqələndirirlər. Bir çox hallarda həmin nömrə hesabın bərpası və təsdiqi üçün əsas vasitələrdən birinə çevrilib:
“İndi təsəvvür edək ki, vətəndaş müəyyən müddət bir nömrədən istifadə edir, sonra isə müxtəlif səbəblərdən onu aktiv saxlamır. Müəyyən müddətdən sonra nömrə ləğv olunur və yenidən başqa abonentə verilir. Əgər əvvəlki istifadəçi bank, elektron poçt və sosial şəbəkə hesablarında həmin nömrəni dəyişməyibsə, yeni abonent əvvəlki istifadəçiyə aid təsdiq mesajları və digər məlumatlarla qarşılaşa bilər.
Bu, artıq sadəcə narahatlıq məsələsi deyil. Burada şəxsi məlumatların qorunması, hesabların təhlükəsizliyi və potensial dələduzluq riski var.
Çıxışımla mobil operatorların fəaliyyətini məhdudlaşdırmağı təklif etmirəm. Ancaq rəqəmsal həyatımız dəyişib və qaydalar da bu reallığa uyğunlaşmalıdır.
Düşünürəm ki, istifadə olunmayan nömrələrin yenidən dövriyyəyə buraxılması ilə bağlı vahid təhlükəsizlik standartlarına ehtiyac var. Nömrə yeni abonentə verilməzdən əvvəl müəyyən karantin müddəti tətbiq edilə, yüksək riskli xidmətlərlə əlaqələndirilmiş nömrələr üçün əlavə qoruyucu mexanizmlər yaradıla bilər. Eyni zamanda, nömrə dəyişdirildikdə hesabların təhlükəsizliyinin qorunması ilə bağlı mobil operatorlar, banklar, elektron xidmətlər və sosial platformalar arasında qarşılıqlı mexanizmlər gücləndirilməlidir.
Ən əsası isə vətəndaşlar məlumatlandırılmalıdır. İnsan bilməlidir ki, istifadə etdiyi nömrə gələcəkdə başqa şəxsə verilə bilər. Buna görə də nömrədən imtina etməzdən əvvəl bank, sosial şəbəkə və digər hesablarındakı əlaqə vasitələrini dəyişməlidir.
Biz rəqəmsallaşmanı sürətləndiririk. Deməli, rəqəmsal təhlükəsizlik qaydalarını da eyni sürətlə inkişaf etdirməliyik. Telefon nömrəsi artıq sadəcə nömrə deyil, bir çox hallarda insanın rəqəmsal kimliyinə giriş açarıdır. Bu səbəbdən onun yenidən dövriyyəyə buraxılması yalnız kommersiya və texniki məsələ kimi deyil, həm də informasiya təhlükəsizliyi məsələsi kimi qiymətləndirilməlidir”.