Menyu

Ombudsman 2027-ci ilin dövlət büdcəsi ilə bağlı bir sıra təkliflər irəli sürüb

Operativ Media
Ombudsman 2027-ci ilin dövlət büdcəsi ilə bağlı bir sıra təkliflər irəli sürüb
2 dəq oxu

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva 2027-ci ilin dövlət büdcəsində ahıl şəxslərə sosial xidmətlərin genişləndirilməsi, əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı və onkoloji xəstələrin müalicəsinə ayrılan vəsaitlərin artırılmasını təklif edib.

Operativ Media xəbər verir ki, Səbinə Əliyeva bu təkliflərlə Milli Məclisdə “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

Ombudsman bildirib ki, tənha, özünəqulluq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan ahıl şəxslərə evdə göstərilən sosial xidmətlərin əhatə dairəsi genişləndirilməli, regionlarda səyyar sosial xidmətlər inkişaf etdirilməlidir. Eyni zamanda, tibbi və sosial reabilitasiya xidmətləri şəbəkəsinin genişləndirilməsi, əlilliyi olan şəxslərin, o cümlədən uşaqların fərdi ehtiyaclarına uyğun protez-ortopedik məmulatlar və köməkçi vasitələrlə vaxtında təmin olunması üçün büdcə ayırmalarının artırılması təklif edilib.

Səbinə Əliyeva hemofiliyalı şəxslərin zəruri dərman preparatları ilə fasiləsiz təminatının yaxşılaşdırılmasını, onkoloji xəstələrin müasir müalicə üsullarına və innovativ şişəleyhinə preparatlara əlçatanlığının artırılmasını da vacib hesab edib. O, həmçinin süni intellekt əsaslı diaqnostika və klinik qərarların dəstəklənməsi texnologiyalarının səhiyyə sistemində tətbiqi üçün maliyyə vəsaitinin ayrılmasını təklif edib.

Ombudsman uşaqların hüquqlarının müdafiəsi istiqamətində inklüziv təhsilin inkişafı, xüsusi təhsil ehtiyacları olan uşaqlar üçün fərdi dəstək xidmətlərinin təşkili və təhsil müəssisələrinin uyğunlaşdırılmasına maliyyə ayrılmasının vacibliyini vurğulayıb. Uşaqların kibertəhdidlərdən, onlayn zorakılıqdan və fərdi məlumatlarının qanunsuz istifadəsindən qorunmasına yönəlmiş maarifləndirmə proqramlarının maliyyələşdirilməsinin artırılması da təkliflər arasındadır.

Bununla yanaşı, rəqəmsallaşma və süni intellektin əmək bazarına təsiri fonunda işçilərin yenidən hazırlanması və rəqəmsal bacarıqlarının inkişafı, həssas qruplar üçün dövlət xidmətlərinin əlçatanlığının təmin edilməsi, ucqar yaşayış məntəqələrində sosial əhəmiyyətli sərnişindaşıma marşrutlarının dəstəklənməsi ilə bağlı təkliflər səsləndirilib.

Səbinə Əliyeva iqlim dəyişmələri və təbii fəlakət riskləri ilə bağlı tədbirlərdə həssas qrupların ehtiyaclarının nəzərə alınmasını, o cümlədən əlçatan təxliyə, müvəqqəti yerləşdirmə və sosial yardım imkanlarının təmin edilməsini də vacib hesab edib.

Ombudsman Aparatının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı isə milli preventiv və müstəqil monitorinq qruplarının kadr və maddi-texniki təminatının gücləndirilməsi, Aparatda ayrıca hüquqi struktur bölmənin yaradılması, elektron sənəd dövriyyəsi sisteminin yenilənməsi və Çağrı Mərkəzində süni intellekt əsaslı texnoloji həllərin tətbiqi üçün maliyyə ayrılmasını təklif edib.

Əlaqəli Xəbərlər