Menyu

2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39,3 milyard manat olacaq

Operativ Media
2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39,3 milyard manat olacaq
1 dəq oxu

2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 39,3 milyard manat, xərcləri isə 42,4 milyard manat proqnozlaşdırılır.

Operativ Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisdə “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazirin sözlərinə görə, dövlət büdcəsinin gəlirləri 2026-cı illə müqayisədə 645 milyon manat və ya 1,7 faiz artacaq. Gəlirlərin 23,8 milyard manatı və ya 60,6 faizi qeyri-neft-qaz sektorunun, 15,5 milyard manatı və ya 39,4 faizi isə neft-qaz sektorunun payına düşəcək.

Qeyri-neft-qaz sektoru üzrə gəlirlərin əvvəlki illə müqayisədə 1,6 milyard manat və ya 7,2 faiz artacağı, neft-qaz sektoru üzrə gəlirlərin isə 955 milyon manat və ya 5,8 faiz azalacağı gözlənilir.

Bildirilib ki, dövlət büdcəsi gəlirlərinin 18,4 milyard manatı və ya 47 faizi Dövlət Vergi Xidmətinin, 6,9 milyard manatı və ya 17,5 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşəcək. Dövlət Neft Fondundan transfertin 11,9 milyard manat və ya gəlirlərin 30,3 faizi həcmində olması nəzərdə tutulur. Bu, 2026-cı illə müqayisədə 935 milyon manat və ya 7,3 faiz azdır.

Nazir qeyd edib ki, 2027-ci ildə icmal büdcənin gəlirləri 47,6 milyard manat olacaq. Bu, cari illə müqayisədə 2,6 milyard manat və ya 5,9 faiz çoxdur.

Sahil Babayevin sözlərinə görə, dövlət büdcəsinin xərcləri 2026-cı illə müqayisədə 696,4 milyon manat və ya 1,7 faiz artacaq. Xərclərin 26,4 milyard manatı cari, 13,8 milyard manatı əsaslı xərclər, 2,2 milyard manatı isə dövlət borclarına xidmətlə bağlı xərclər olacaq.

2027-ci ildə sosialyönlü xərclərin 18,7 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu, 2026-cı illə müqayisədə 1,6 milyard manat və ya 9,2 faiz çoxdur.

Bildirilib ki, icmal büdcənin xərcləri 50,4 milyard manat olacaq. Bu da 2026-cı illə müqayisədə 1,5 milyard manat və ya 3,1 faiz artım deməkdir.

Əlaqəli Xəbərlər