Azər Bayramov: 2027-ci ildə Azərbaycanda iqtisadi artım 2,7 faiz proqnozlaşdırılır
Azərbaycanda 2027-ci ildə iqtisadi artımın 2,7 faiz, 2027-2030-cu illərdə isə orta illik artımın 3,3 faiz olacağı proqnozlaşdırılır.
Operativ Media xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin dörd komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, 2027-2030-cu illərdə qeyri-neft-qaz sektorunda orta illik iqtisadi artımın 4,4 faiz olacağı gözlənilir.
Nazir müavini bildirib ki, 2026-cı ilin yekunlarına əsasən, 2022-2026-cı illərdə qeyri-neft sektorunun orta illik 5,2 faiz artacağı proqnozlaşdırılır. Bu göstərici qəbul edilmiş strategiyada müəyyənləşdirilən hədəflərdən yüksəkdir.
Qeyd olunub ki, 2026-cı ilin ilk doqquz ayında Azərbaycanın qeyri-neft-qaz sektorunda 2,6 faiz, ümumilikdə isə 1,5 faiz iqtisadi artım qeydə alınıb. İlin yekununda ÜDM-in 1,7 faiz, qeyri-neft-qaz ÜDM-inin isə 3,1 faiz artacağı gözlənilir.
Azər Bayramovun sözlərinə görə, cari ilin doqquz ayında qeyri-neft-qaz sənayesi 6,3 faiz, nəqliyyat sektoru 10 faiz, informasiya və rabitə sahəsi isə 11,1 faiz artıb. Qeyri-neft-qaz ixracı, Neft Fondunun qızıl satışları nəzərə alınmadan, 20,5 faiz yüksəlib.
O vurğulayıb ki, Azərbaycanın strateji valyuta ehtiyatları ümumi daxili məhsuldan çoxdur və xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir. Eyni zamanda, aparıcı beynəlxalq reytinq agentlikləri ölkənin suveren kredit reytinqini investisiya səviyyəsində qiymətləndirir.
Nazir müavini rəqəmsallaşmanın və iqtisadiyyatın şəffaflaşdırılmasının da müsbət nəticələr verdiyini bildirib. Onun sözlərinə görə, 2018-ci ildən bəri ölkədə aktiv vergi ödəyicilərinin sayı iki dəfə, əlavə dəyər vergisi ödəyicilərinin sayı isə 3,5 dəfə artıb. Hazırda vergilərin 93 faizi könüllü şəkildə ödənilir.
Bildirilib ki, qeyri-neft-qaz özəl sektorunda əmək müqavilələrinin sayı təxminən iki dəfə artaraq ümumi müqavilələrin 56,5 faizinə çatıb.
Azər Bayramov əlavə edib ki, növbəti mərhələdə özəl investisiyaların artırılması, strateji layihələrin sürətləndirilməsi, qeyri-neft-qaz ixracının genişləndirilməsi, beynəlxalq nəqliyyat dəhlizləri boyunca logistika və emal klasterlərinin formalaşdırılması əsas prioritetlər olacaq.
O, həmçinin sahibkarlara dəstək mexanizmlərinin genişləndirildiyini qeyd edib. Belə ki, Bakı və Abşeron yarımadasından kənarda fəaliyyət göstərən sahibkarların kreditləri üzrə faizlərin yarısı dövlət tərəfindən ödənilir, kredit zəmanəti limitləri isə 20 faizdən 50 faizə qaldırılıb.
2027-2030-cu illərdə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkələrinə qoşulma haqqının yarısının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur.
Nazir müavininin sözlərinə görə, azad edilmiş ərazilərdə də iqtisadi fəaliyyətin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Ağdam və Araz Vadisi iqtisadi rayonlarında yerləşən sənaye parklarında 60 sahibkarlıq subyekti qeydiyyatdan keçib və 3 milyard manatdan artıq məhsul istehsal olunub. Həmin ərazilərdə özəl sektor tərəfindən ümumilikdə 1300-dən çox layihə həyata keçirilib.