2027-ci ildə Azərbaycanın ÜDM-i 141 milyard manat olacaq
2027-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 141 milyard manat, qeyri-neft-qaz sektoru üzrə ÜDM-in isə 109,1 milyard manat olacağı proqnozlaşdırılır.
Operativ Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin dörd komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazirin sözlərinə görə, 2027-ci ildə ÜDM-in real artımının 2,7 faiz, qeyri-neft-qaz sektorunda isə 4,4 faiz təşkil edəcəyi gözlənilir. 2023–2027-ci illər ərzində qeyri-neft-qaz sektorunun nominal həcminin 30,1 milyard manat və ya 38,1 faiz artacağı proqnozlaşdırılır.
Bildirilib ki, gələn il xam neftin bir barelinin orta illik qiyməti 65 dollar, orta illik inflyasiya 5,3 faiz, manatın məzənnəsi isə 1,7 manat səviyyəsində nəzərdə tutulub.
Sahil Babayev qeyd edib ki, 2026-cı ilin sonuna dövlət borcunun ÜDM-ə nisbətinin 19,5 faiz, 2030-cu ildə isə 20,4 faiz olacağı proqnozlaşdırılır. 2026-cı il oktyabrın 1-nə dövlət borcunun həcmi 23,9 milyard manat və ya illik ÜDM-in 17,3 faizi təşkil edib. Bu göstərici ilin əvvəli ilə müqayisədə 2,8 faiz bəndi azalıb.
Nazir bildirib ki, dövlət borcu portfelinin 16,2 milyard manatı və ya 67,9 faizi daxili, 7,7 milyard manatı və ya 32,1 faizi xarici dövlət borcunun payına düşür. Azərbaycanın strateji valyuta ehtiyatları isə 2026-cı il oktyabrın 1-nə 89,4 milyard dollar təşkil edib ki, bu da xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir.
Məlumata görə, 2027-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin təxminən 7 milyard dollar olması nəzərdə tutulur. Bu, əvvəlki illə müqayisədə 550 milyon dollar azdır. 2030-cu ilədək transfertin əlavə 1,5 milyard dollar azaldılaraq 5,5 milyard dollara çatdırılması planlaşdırılır.
Sahil Babayev 2027-ci il üzrə büdcə siyasətinin əsas istiqamətləri sırasında dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin qorunması, əhalinin rifahının yüksəldilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı, eləcə də rəqəmsal texnologiyaların və innovasiyaların tətbiqinin genişləndirilməsini qeyd edib.