Menyu

Əli Hüseynli: 2027-ci ilin dövlət büdcəsində pulsuz hüquqi yardım xidmətinin maliyyələşdirilməsi nəzərdə tutulub

Operativ Media
Əli Hüseynli: 2027-ci ilin dövlət büdcəsində pulsuz hüquqi yardım xidmətinin maliyyələşdirilməsi nəzərdə tutulub
1 dəq oxu

2027-ci ilin dövlət büdcəsində “Pulsuz hüquqi yardım haqqında” qanunla nəzərdə tutulan xidmətin həyata keçirilməsi üçün vəsait ayrılması təqdirəlayiqdir.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli parlamentdə “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Azərbaycanda iqtisadiyyat dünyada mövcud olan qeyri-müəyyənlik fonunda yüksək dayanıqlılıq nümayiş etdirir. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilib.

Deputat qeyd edib ki, 2027-ci ilin dövlət büdcəsində hərbi sənaye kompleksinin inkişafı, Qarabağ və Şərqi Zəngəzurun bərpası, eləcə də əhalinin həssas təbəqəsinin rifahının yaxşılaşdırılması üçün kifayət qədər vəsait nəzərdə tutulub.

Əli Hüseynlinin sözlərinə görə, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və ədliyyə orqanlarının saxlanılması üçün ayrılan vəsait 2026-cı illə müqayisədə 3 faiz, 2025-ci illə müqayisədə isə 17 faiz çoxdur.

O vurğulayıb ki, məhkəmə-hüquq islahatlarına ayrılan vəsait, ilk növbədə, qanunun aliliyinin və insan hüquqlarının qorunmasına xidmət edir. Bu baxımdan parlamentdə birinci oxunuşda qəbul edilmiş “Pulsuz hüquqi yardım haqqında” qanunun əhəmiyyətini xüsusi qeyd edib.

Deputat korrupsiyaya qarşı mübarizənin də prioritet olaraq qaldığını bildirib. Onun sözlərinə görə, maliyyə şəffaflığının və nəzarətinin gücləndirilməsi ilə yanaşı, büdcə şəffaflığı üçün preventiv tədbirlərin görülməsi də vacibdir.

Əli Hüseynli parlamentdə müzakirə olunan korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi, eləcə də maraqlar toqquşması haqqında qanun layihələrinin bu istiqamətdə əhəmiyyətini vurğulayıb. O, həmin qanun layihələrinin cari ildə qəbulunun növbəti ildə büdcə şəffaflığına töhfə verəcəyinə əminliyini ifadə edib.

Əlaqəli Xəbərlər