Menyu

Sahil Babayev: Azərbaycanın büdcəsində neft-qaz sektorunun payı 17,1 faizə enib

Xəbərlər redaksiyası
Sahil Babayev: Azərbaycanın büdcəsində neft-qaz sektorunun payı 17,1 faizə enib
1 dəq oxu

Azərbaycanın icmal büdcəsində neft-qaz sektorunun payı 17,1 faizə düşüb. Bu göstərici 2026-cı illə müqayisədə 1,7 faiz bəndi azdır.

Operativ Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisdə “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, fiskal qaydanın tətbiqindən bəri bu, ən yaxşı göstəricidir. Hədəf 2029-cu ildə neft-qaz sektorunun payını 13 faizə, 2030-cu ildə isə 12 faizə endirməkdir.

Onun sözlərinə görə, cari xərclərin qeyri-neft gəlirləri hesabına örtülmə nisbəti 90,1 faiz təşkil edir. Bu göstəricinin 2030-cu ilədək 100 faizə çatdırılması planlaşdırılır. İcmal büdcədə qeyri-neft gəlirlərinin payı isə 64,5 faizə yüksəlib.

Sahil Babayev qeyd edib ki, icmal büdcə xərclərinin qeyri-neft ÜDM-ə nisbəti 46,2 faizdir. Azərbaycanın investisiyayönümlü büdcəsinin payı 32,5 faiz təşkil edir. Müqayisə üçün, regionun digər ölkələrində bu göstərici 6-17 faiz arasında dəyişir.

Nazir təhsil və səhiyyə xərclərinin ÜDM-dəki payının müvafiq olaraq 3,6 və 1,5 faiz olduğunu bildirib. Aqrar sektora ayrılan vəsaitin isə kənd təsərrüfatı üzrə ÜDM-in 15,8 faizinə bərabər olduğunu vurğulayıb.

O əlavə edib ki, rayonların dotasiyadan asılılığı tam aradan qaldırılıb. 2027-ci ildə Naxçıvana ayrılacaq dotasiyanın 198 milyon manat olması nəzərdə tutulur ki, bu da 2026-cı illə müqayisədə 13,6 milyon manat və ya 6,4 faiz azdır.

Əlaqəli Xəbərlər