Menyu

2027-ci il dövlət büdcəsinin xərclərinin 44,2 faizi sosial yönümlü olacaq

Xəbərlər redaksiyası
2027-ci il dövlət büdcəsinin xərclərinin 44,2 faizi sosial yönümlü olacaq
1 dəq oxu

2027-ci il dövlət büdcəsinin xərclərinin 44,2 faizinin sosial yönümlü olması nəzərdə tutulur. Gələn il sosial xərclərin 2026-cı illə müqayisədə 9,2 faiz artırılması planlaşdırılır.

Operativ Media xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, deputat Ziyafət Əsgərov “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, 2027-ci il dövlət büdcəsinin gəlirləri 39,25 milyard manat, xərcləri isə 44,4 milyard manat proqnozlaşdırılır. Xərclərin əvvəlki illə müqayisədə 696,4 milyon manat artırılması nəzərdə tutulur.

Onun sözlərinə görə, 2026-cı ilin yanvar-sentyabr aylarında qeyri-neft-qaz sektorunda ümumi daxili məhsul 2,6 faiz artıb. İqtisadiyyatın sahələri üzrə yaradılmış əlavə dəyərdə sənayenin payı 34,3 faiz, kənd təsərrüfatının payı isə 6,6 faiz təşkil edib.

Ziyafət Əsgərov qeyd edib ki, 2027-ci ilin büdcə siyasətinin əsas prioritetləri makroiqtisadi dayanıqlığın gücləndirilməsi, qeyri-neft-qaz sektorunun inkişafı, dövlət xərclərinin səmərəliliyinin artırılması, müdafiə potensialının möhkəmləndirilməsi və sosial öhdəliklərin maliyyələşdirilməsidir.

Deputat təhsil sahəsinə ayrılan vəsaitlərin məktəbəqədər təhsilin əhatəsinin genişləndirilməsi, peşə təhsilinin inkişafı və əmək bazarının tələblərinə uyğun kadr hazırlığına yönəldiləcəyini vurğulayıb. Həmçinin aztəminatlı ailələrdən olan gənclərin ali təhsil imkanlarının genişləndirilməsi məqsədilə tələbə təhsil kreditlərinin maliyyələşdirilməsi üçün 35 milyon manat ayrılması nəzərdə tutulur.

O, elm xərclərinin 2 milyard 257,9 milyon manata çatdırılacağını, bunun əvvəlki illə müqayisədə 12,4 faiz artım demək olduğunu bildirib.

Ziyafət Əsgərovun sözlərinə görə, müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 100 milyon manat çoxdur. Müdafiə sahəsinin əsaslı xərcləri üçün isə 4 milyard manat ayrılması planlaşdırılır.

Deputat əlavə edib ki, hərbi qulluqçuların mənzil təminatı və kirayə kompensasiyaları üçün də ümumilikdə 30 milyon manatadək vəsait nəzərdə tutulub. İşğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın davam etdirilməsi də büdcənin prioritet istiqamətləri sırasında yer alır.

Əlaqəli Xəbərlər