Almaniya Ukraynaya qış dövründə yardım üçün 200 milyon avro ayıracaq
Almaniya hökuməti Ukraynaya qış dövründə humanitar və infrastruktur yardımı göstərilməsi məqsədilə əlavə 200 milyon avro vəsait ayıracaq.
Operativ Media xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyi və İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin birgə bəyanatında bildirilib.
Qeyd olunub ki, vəsait Ukrayna şəhərlərində elektrik, istilik və su təchizatı sistemlərinin fəaliyyətinin təmin edilməsinə, eləcə də əhalinin zəruri ehtiyaclarının qarşılanmasına yönəldiləcək. Almaniya Bundestaqının Büdcə Komitəsi bu vəsaitin ayrılmasına razılıq verib.
Maliyyələşdirmənin bir hissəsi məktəblərin, uşaq bağçalarının, kənd təsərrüfatının və mülki müdafiə xidmətlərinin dəstəklənməsinə sərf olunacaq.
Almaniya Xarici İşlər Nazirliyi isə cəbhəyanı ərazilərdə yaşayanlara, ölkə daxilində məcburi köçkünlərə və Moldova da daxil olmaqla qonşu ölkələrə sığınan qaçqınlara humanitar yardım göstərilməsinə, həmçinin şəhər infrastrukturunun qışa hazırlanmasına diqqət yetirəcək.
Almaniyanın xarici işlər naziri İohann Vadeful Berlinin Kiyevə humanitar dəstəyini davam etdirəcəyini bildirib.
Qeyd edək ki, Almaniya Ukraynanın ən böyük donorudur. Berlin 2022-ci il fevralın 24-dən indiyədək Ukraynaya təxminən 43,3 milyard avro humanitar, 57,6 milyard avro isə hərbi yardım göstərib.