Deputat kənd təsərrüfatı məhsullarına 10 faizlik verginin tətbiqinə yenidən baxılmasını təklif edib
Kənd təsərrüfatı məhsullarına 10 faizlik verginin tətbiqi fermerlər və aqrar sektor üçün əlavə çətinliklər yarada bilər.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin üç komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, mayın 26-da qəbul edilən kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üzrə Dövlət Proqramında qarşıya mühüm vəzifələr qoyulub.
Deputatın sözlərinə görə, həmin vəzifələr ölkədə ərzaq bolluğunun yaradılmasına yönəlib. Bunun üçün dövlət dəstəyinin artırılması və aqrar sahəyə əlavə maliyyə resurslarının cəlb olunması vacibdir.
T.Rzayev qeyd edib ki, bu il kənd təsərrüfatı xərcləri əvvəlki illə müqayisədə 153 milyon manat artırılıb.
“Bu, çox yaxşı rəqəmdir və ölkədə aqrar sektorun inkişafına öz töhfəsini verəcək”, – deyə o bildirib.
Deputat vurğulayıb ki, hazırda texniki xidmətlərin və yanacağın qiymətləri bahalaşıb. Belə bir şəraitdə kənd təsərrüfatı məhsullarına 10 faizlik verginin tətbiqi fermerlər üçün əlavə problemlər yarada bilər.
T.Rzayev verginin tətbiqi ilə bağlı müddətin uzadılmasını deyil, məsələyə yenidən baxılmasını məqsədəuyğun hesab etdiyini bildirib.
“Uzun müddətdir kənd təsərrüfatına bu vergilər tətbiq olunmayıb və sahibkarlar müəyyən qədər ayaq üstə durublar. Bundan sonra da bu məsələyə önəm verilsə, daha yaxşı olar”, – deyə deputat əlavə edib.