Menyu

AÇG-də hasilatın azalma tempi 12%-dən 3%-ə endirilib

Əsəd Abbaslı
AÇG-də hasilatın azalma tempi 12%-dən 3%-ə endirilib
1 dəq oxu

“AÇG-də hasilata dəstək: yeni yanaşmalar və texnologiyalar” adlı konfransda BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə yeraltı sərvətlər üzrə vitse-prezidenti Den Sparks Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunda hasilatın artırılması istiqamətində tətbiq olunan yeni texnologiyalar və əldə edilən nəticələr barədə danışıb.

Operativ Media xəbər verir ki, rəsminin sözlərinə görə mövcud qazma qurğuları və platformaların sayını qısa müddətdə artırmaq mümkün olmadığından əsas diqqət məhsuldarlığın yüksəldilməsinə yönəldilib.

Bu məqsədlə iki əsas istiqamət müəyyənləşdirilib: mövcud qazma qurğuları ilə il ərzində daha çox quyu qazmaq və hər bir quyunun laylara çıxış imkanlarını genişləndirmək.

BP rəsmisinin sözlərinə görə, bu məqsədlə quyuların layihələndirilməsi yenidən nəzərdən keçirilib, daha səmərəli qazma və layların geniş əhatə olunmasına imkan verən texnologiyalar tətbiq edilib. Xüsusilə qazma zamanı quyunun istiqamətini real vaxt rejimində dəyişməyə və neftli lay boyunca hərəkət etməyə imkan verən texnologiyalardan istifadə olunub.

Den Sparks qeyd edib ki, ilkin mərhələdə bir neçə yüz metr uzunluğunda üfüqi quyular qazılıb. Daha sonra bu göstərici 1000 metrə çatdırılıb. Növbəti mərhələdə isə AÇG-nin əvvəllər işlənməmiş, geoloji baxımdan mürəkkəb sahəsində 2000 metr uzunluğunda üfüqi quyu qazılıb. Həmin quyu son 10 ildən artıq müddətdə yataqda qazılmış ən məhsuldar quyulardan biri olub.

O vurğulayıb ki, yeni qazma texnologiyalarının 4D seysmik tədqiqatların nəticələri ilə birlikdə tətbiqi əvvəlki istismar mərhələlərində laylarda qalmış neft ehtiyatlarının müəyyənləşdirilməsinə və hasilatın artırılmasına imkan verib.

BP rəsmisinin sözlərinə görə, bu il AÇG-də qazma işlərinin əhatə etdiyi lay intervallarının həcmi ötən illə müqayisədə təxminən 50% artıb. Bununla yanaşı, yataqda neft hasilatının təbii azalma tempi təxminən 12%-dən 3%-ə endirilib.

Den Sparks əlavə edib ki, mövcud nəticələrə əsasən, AÇG-də cari ilin sonunda hasilatın ilin əvvəli ilə müqayisədə daha yüksək olacağı gözlənilir. O, bunu uzun müddətdir istismar olunan yataq üçün mühüm nailiyyət kimi qiymətləndirib.

Əlaqəli Xəbərlər