Deputat: Azərbaycan Avropada mövqeyini möhkəmləndirir
Avropa Siyasi Birliyi sammitləri son dövrün aktual və diqqətlə izlənilən tədbirlərindən biridir. Avropa liderlərinin ildə bir dəfə bu və ya digər Avropa paytaxtında bir araya gəlməsi Avropanın, eləcə də bütövlükdə dünyanın qarşısında duran məsələlərin həllinə, Avropa ölkələri arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.
Bu sözləri Operativ Media-ya deputat Aydın Mirzəzadə deyib.
O bildirib ki, müxtəlif fərqli fikirlər, hətta ciddi fikir ayrılıqları səsləndirilə bilər. Amma istənilən görüş həmişə irəliyə doğru bir addımdır:
“Azərbaycan lideri də bu görüşlərdə iştirak edir. Hətta 2028-ci ildə sammitin Azərbaycanda keçirilməsi qərara alınıb. Azərbaycan belə görüşlərdə öz mövqeyini Avropa məkanına çatdırır, Avropada siyasi birliyin möhkəmlənməsinə verdiyi töhfələr barədə məlumat verir. Eyni zamanda, Azərbaycanın qarşılaşdığı məsələlərin həllinə dair təcrübəsi diqqətə çatdırılır. Görünən odur ki, Azərbaycanın təcrübəsi hər zaman diqqətlə qarşılanır. Ölkəmizin suverenliyinin qorunması, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əldə etdiyi nəticələr bu gün bir ölkə timsalında problemlərin həlli nümunəsini göstərir.
Digər tərəfdən, ikitərəfli görüşlərin keçirilməsi və Azərbaycanın maraq doğuran məsələlərin həlli ilə bağlı danışıqlar aparması da vacib məqamlardan biridir. Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən biri Ermənistanla münasibətlərin artıq son məntiqi nəticəyə çatdırılması, sülh müqaviləsinin imzalanmasıdır. Gözlənildiyi kimi, sammit çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla Prezidentimizin görüşü də baş tutdu. Şübhəsiz ki, görüşdə ikitərəfli münasibətlərin həm sülh sazişinə qədər, həm də saziş imzalandıqdan sonra tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Azərbaycanın dünyaya açıq olduğu, dünyada əmin-amanlığın təmin edilməsində maraqlı olduğu Prezidentimizin bu tədbirdə iştirakı və müxtəlif məsələlərə münasibət bildirməsi ilə bir daha özünü göstərir”.