Menyu

Deputat: Subsidiyalar yalnız iri aqroparkların deyil, kiçik fermerlərin də dəstəyinə yönəlməlidir

Operativ Media
Deputat: Subsidiyalar yalnız iri aqroparkların deyil, kiçik fermerlərin də dəstəyinə yönəlməlidir
1 dəq oxu

“Süb­sidiya mexanizminin Azərbaycan kəndinin reallıqları ilə uzlaşmayan fundamental çatışmazlıqları var. Hesab edirəm ki, bu çatışmazlıqlar aradan qaldırılmasa, heyvandarlıqda və kəndlinin həyatında real müsbət nəticə əldə edə bilməyəcəyik”.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Vasif Qafarov parlamentin üç komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, sentyabrın 7-də Aqrar Subsidiya Şurasının kənd təsərrüfatına yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləməsi aqrar sahənin inkişafı baxımından mühüm addımdır. O, bu yanaşmanı dəstəklədiyini, lakin yeni mexanizmdə kiçik və orta kəndli təsərrüfatlarını subsidiyadan kənarda qoyan şərtlərin olduğunu vurğulayıb.

Qeyd edib ki, intensiv iribuynuzlu cins heyvandarlığın təşviqi üçün heyvanbaşına 500 manatdan 1500 manatadək dəstək nəzərdə tutulsa da, fermerdən azı 50 baş cins və ya 100 baş mələz heyvana sahib olmaq tələb edilir. Xırdabuynuzlu heyvandarlıqda isə 4 manatlıq subsidiyadan yararlanmaq üçün minimum 500 baş heyvan və 100 hektar örüş-otlaq sahəsi şərti qoyulub.

Vasif Qafarov təmsil etdiyi Lerik və Astara rayonlarında bu tələbləri ödəyə biləcək fermerin olmadığını bildirib. Onun sözlərinə görə, mövcud şərtlər kiçik və orta təsərrüfatları dövlət dəstəyindən kənarda saxlayır, subsidiyaların əsasən iri aqroparklara və böyük biznes subyektlərinə yönəlməsinə səbəb olur.

Deputat iribuynuzlu heyvandarlıqda subsidiyadan yararlanmaq üçün müəyyən edilən 50 baş cins və ya 100 baş mələz heyvan tələbini ləğv etməyi və əvəzinə pilləli dəstək sisteminin tətbiqini təklif edib.

Təklifə əsasən, 10 başadək iribuynuzlu cins heyvanı olan fermerə hər baş üçün 300 manat, 10–30 baş heyvanı olana 500 manat, 30 başdan çox heyvanı olana isə 1000 manat subsidiya verilməlidir.

O, xırdabuynuzlu heyvandarlıqda 100 hektar örüş-otlaq sahəsi tələbini də ləğv etməyi, 500 baş heyvan şərtini isə 10–20 başadək endirməyi təklif edib.

Vasif Qafarovun fikrincə, subsidiya mexanizmi kiçik və orta sahibkarlığa yönəlməli, kəndliləri təsərrüfatlarını genişləndirməyə həvəsləndirməlidir. Deputat Kənd Təsərrüfatı Nazirliyini və Aqrar Subsidiya Şurasını mövcud mexanizmə yenidən baxmağa çağırıb.

Əlaqəli Xəbərlər