Yohann Vadeful: Orta Dəhliz Avropa üçün mühüm əhəmiyyət daşıyır
Almaniya Orta Dəhlizin inkişafını prioritet layihələrdən biri hesab edir və bu istiqamətdə konkret nəticələrin əldə olunmasında maraqlıdır.
Operativ Media xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, qeyri-müəyyənlik və gözlənilməzliklərin artdığı bir dövrdə Almaniyanın əsas məqsədlərindən biri Avropa daxilində və beynəlxalq səviyyədə etibarlı siyasi və iqtisadi tərəfdaş olaraq qalmaqdır.
Nazirin sözlərinə görə, bunun üçün infrastrukturun inkişafı və etibarlı tərəfdaşlarla əlaqələrin gücləndirilməsi vacibdir. O, Orta Dəhlizin Avropa üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Yohann Vadeful bildirib ki, Almaniya bu layihələrin həyata keçirilməsi istiqamətində konkret işlər aparılmasını və qısa müddətdə müsbət nəticələrin əldə olunmasını istəyir.