Ceyhun Bayramov: 2025-ci ildə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 1.4 milyard ABŞ dolları təşkil edib
Azərbaycan və Almaniya arasında indiyədək 80 müqavilə və razılaşma sənədi imzalanıb, hazırda həmin sənədlər çərçivəsində işlər davam etdirilir.
Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Yohann Vadeful ilə keçirilən görüşdən sonra mətbuata açıqlamasında bildirib.
Nazir qeyd edib ki, iki ölkə arasında siyasi məsləhətləşmələr mexanizmi mövcuddur və bu çərçivədə siyasi müavinlər səviyyəsində məsləhətləşmələrin növbəti raundu keçirilib. O, parlamentlərarası əlaqələrin də əhəmiyyətini vurğulayaraq Almaniya parlamentinin üzvləri ilə dostluq qrupunun nümayəndələrinin bu gün Azərbaycan tərəfi ilə faydalı fikir mübadiləsi apardığını bildirib.
Ceyhun Bayramovun sözlərinə görə, 2025-ci ildə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 1.4 milyard ABŞ dolları təşkil edib. 2026-cı ilin ilk doqquz ayında isə bu göstərici 1 milyard ABŞ dolları olub.
Nazir bildirib ki, Azərbaycanda 280 Almaniya şirkəti qeydiyyatdan keçib, onlardan 210-u aktiv fəaliyyət göstərir.
O, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün mövcud potensialın böyük olduğunu qeyd edib. Bildirib ki, 2025-ci ildə iqtisadi gündəliyin inkişaf etdirilməsi məqsədilə iki ölkə arasında yüksək səviyyəli işçi qrupun görüşü keçirilib. Həmçinin Almaniya-Azərbaycan Biznes Şurasının yaradılması istiqamətində saziş imzalanıb. Tərəflər yaxın zamanda şuranın iclasının keçirilməsi məsələsini də müzakirə ediblər.