Almaniya ilə Azərbaycan iqtisadi və təhsil sahəsində əməkdaşlığı genişləndirir
Almaniya Azərbaycanla iqtisadi əlaqələrin konkret layihələr əsasında genişləndirilməsində, eləcə də təhsil sahəsində əməkdaşlığın inkişafında maraqlıdır.
Operativ Media xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
O, Azərbaycan tərəfinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və görüşlər zamanı iki ölkəni birləşdirən məsələlər, həmçinin əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparıldığını qeyd edib.
Yohann Vadeful iqtisadi münasibətlərdə mövcud potensialın reallaşdırılmasının vacibliyini vurğulayıb. O, iki ölkə arasında yaradılması razılaşdırılmış İqtisadi Şuranın bu istiqamətdə mühüm platforma olacağını bildirib və onun fəaliyyətinin aktivləşdirilməsinin vacibliyini qeyd edib.
Almaniya XİN rəhbəri təhsil sahəsində də əməkdaşlıq imkanlarının genişləndirilməsini təklif edib. O, universitetlər arasında əlaqələrlə yanaşı, texniki məktəblərin də bu əməkdaşlığa cəlb olunmasının mümkünlüyünü vurğulayıb.
Nazir, həmçinin Almaniya ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlığı yüksək qiymətləndirərək bu istiqamətdə etibarlı tərəfdaşlığa görə təşəkkür edib.