Azərbaycan-Almaniya Universitetinin yaradılması üçün danışıqlar başlayıb
Azərbaycan-Almaniya Universitetinin yaradılması üçün danışıqlar başlayıb.
Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Yohann Vadeful ilə keçirilən görüşdən sonra mətbuata açıqlamasında bildirib.
Nazir qeyd edib ki, humanitar sahə iki ölkə arasında əlaqələrin möhkəm istiqamətlərindən biridir. Onun sözlərinə görə, ötən illər ərzində minlərlə azərbaycanlı gənc Almaniyada ali təhsil alıb. Bu prosesdə müxtəlif proqramlarla yanaşı, Almaniyanın DAAD təqaüd proqramı da mühüm rol oynayıb.
Ceyhun Bayramov Azərbaycan universitetləri ilə Almaniya ali təhsil müəssisələri arasında akademik əlaqələrin olduğunu bildirib. O, Azərbaycan-Fransız və Azərbaycan-İtaliya universitetlərinin təcrübəsini xatırladaraq, Azərbaycan-Almaniya universiteti ilə bağlı da danışıqların başlanmasını müzakirə etdiklərini deyib. Nazir layihənin sürətlə irəliləyəcəyinə əminliyini ifadə edib.
XİN rəhbəri iki ölkə arasında tarixi bağların mövcudluğunu da vurğulayıb. Bildirib ki, alman icmaları tarixən Azərbaycanın Göygöl və Şəmkir kimi bölgələrində məskunlaşıb və onların Azərbaycanda məskunlaşmasının 200 illiyi qeyd edilib.