Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında normallaşma prosesi son bir il ərzində müsbət istiqamətdə inkişaf edib
Azərbaycan və Ermənistan arasında normallaşma prosesi son bir il ərzində müsbət istiqamətdə inkişaf edib.
Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Yohann Vadeful ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Azərbaycanın uzun illər davam edən işğaldan sonra ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra normallaşma prosesinə tarixi başlanğıc verilib.
Ceyhun Bayramov işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, Ermənistanla sülh sazişinin imzalanması istiqamətində mövcud imkanlar və digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıldığını bildirib.
O, daha geniş coğrafiyada, o cümlədən Avropada və Yaxın Şərqdə baş verən münaqişələrin ölkələr üçün yaratdığı risklərə də toxunub.
Nazir vurğulayıb ki, çətinliklərə baxmayaraq, ən yaxşı və mümkün ssenari münaqişələrin diplomatik və siyasi yollarla həlli istiqamətində səylərin birləşdirilməsidir.
Ceyhun Bayramov bugünkü danışıqların konstruktiv şəraitdə keçdiyini və müzakirə olunan məsələlərin, əldə edilmiş razılaşmaların Azərbaycan-Almaniya münasibətlərinin daha da inkişafına müsbət töhfə verəcəyinə əminliyini ifadə edib.