Deputat: Kəlağayı keçmişin yadigarı deyil, gündəlik həyatımızın bir parçası olmalıdır
26 noyabr Azərbaycan Kəlağayısı Günüdür. 2014-cü ilin bu günündə Azərbaycan kəlağayı sənətinin UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na daxil edilməsi milli mədəni irsimizin dünyada tanıdılması baxımından əlamətdar hadisədir.
Bu sözləri Operativ Media-ya deputat Ülviyyə Həmzəyeva deyib.
O bildirib ki, kəlağayının xalqımızın həyatında özünəməxsus yeri var:
“O, nənələrimizin, analarımızın geyim mədəniyyətinin bir parçası, neçə-neçə nəslin zövqünü və dünyagörüşünü əks etdirən milli dəyərimizdir. Kəlağayının rəngləri, naxışları bizə keçmişimizi, ailə ənənələrimizi, doğma mühitimizi xatırladır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli mədəni irsimizin qorunması və dünyada tanıdılması, o cümlədən kəlağayı sənətimizin beynəlxalq səviyyədə tanınması istiqamətində göstərdiyi xidmətləri xüsusi minnətdarlıqla qeyd etmək istərdim. Bu gün bizim vəzifəmiz kəlağayını gənc nəslə sevdirmək olmalıdır.
Çox istərdim ki, gənc qızlarımız kəlağayıya yalnız keçmişdən qalan bir yadigar kimi baxmasınlar, onu sevərək, zövqlə öz geyimlərində istifadə etsinlər. Kəlağayı yalnız xüsusi günlərdə deyil, gündəlik həyatımızda da öz yerini tapsın. Milli dəyərlərimizi gələcək nəsillərə ötürmək üçün ilk növbədə gənclərimizə bu dəyərlərin gözəlliyini hiss etdirməliyik. Çünki insan sevdiyini daha böyük həvəslə qoruyur və yaşadır".