Elməddin Quluyev: Oyuncaqların təhlükəsizliyinə dair məcburi tələblər müəyyən edilib
Azərbaycanda oyuncaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə onların konstruksiyasına, istehsalında istifadə olunan materiallara, kimyəvi, fiziki-mexaniki, elektrik və gigiyenik göstəricilərinə dair məcburi tələblər müəyyən edilib.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin media nümayəndələri üçün təşkil etdiyi “Qeyri-qida istehlak mallarının təhlükəsizliyi” mövzusunda tədbirdə Agentliyin Texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev məlumat verib.
“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” (TR 002/2026/AZ) Nazirlər Kabinetinin 7 oktyabr 2026-cı il tarixli 327 nömrəli qərarı ilə təsdiq edilib. Sənəd dərc olunduğu gündən altı ay sonra qüvvəyə minəcək.
Reqlament oyuncaq musiqi alətləri və qurğularını, uşaq toplarını, uşaqlar üçün hovuzları və digər oyuncaqları əhatə edir.
Texniki reqlament uşaqların və onlara nəzarət edən şəxslərin həyat və sağlamlığının qorunmasını, həmçinin oyuncaqların təyinatı və təhlükəsizliyi ilə bağlı istehlakçıları çaşdıran hərəkətlərin qarşısının alınmasını nəzərdə tutur. Məhsulların müəyyən edilmiş tələblərə uyğunluğu sertifikatlaşdırma yolu ilə qiymətləndiriləcək.