Qazla işləyən avadanlıqların təhlükəsizliyi necə təmin olunacaq?
Azərbaycanda məişətdə və ictimai iaşə müəssisələrində istifadə olunan qazla işləyən qurğu və avadanlıqların təhlükəsizliyi texniki reqlament əsasında tənzimlənəcək.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin media nümayəndələri üçün təşkil etdiyi “Qeyri-qida istehlak mallarının təhlükəsizliyi” mövzusunda tədbirdə Agentliyin Texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev məlumat verib.
“Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament” (TR 001/2026/AZ) Nazirlər Kabinetinin 6 may 2026-cı il tarixli 131 nömrəli qərarı ilə təsdiq edilib və noyabrın 6-da qüvvəyə minib.
Reqlament məişətdə yemək hazırlanması və qızdırılması üçün qurğuları, qazla işləyən su qızdırıcılarını, ictimai iaşə müəssisələri və yaşayış binaları üçün nəzərdə tutulan qaz yanacaqlı istilik avadanlıqlarını əhatə edir.
Sənəd insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlət maraqlarının qorunmasını, eləcə də istehlakçıların avadanlıqların təyinatı və təhlükəsizliyi ilə bağlı yanlış məlumatlandırılmasının qarşısının alınmasını nəzərdə tutur.
Bununla yanaşı, texniki reqlament enerji səmərəliliyinin və resurslara qənaətin təmin edilməsinə yönəlib. Avadanlıqların müəyyən edilmiş tələblərə uyğunluğu isə uyğunluğun bəyan edilməsi və ya sertifikatlaşdırma yolu ilə qiymətləndirilir.