İsveç Rusiyanın səfirini XİN-ə çağırıb
İsveç Rusiyanın Polşanın hava məkanının pozulmasında və Danimarkada sui-qəsd hazırlığında iştirakı ilə bağlı iddialara görə Moskvaya etirazını bildirib.
Operativ Media xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Bildirilib ki, Rusiyanın Stokholmdakı səfiri Sergey Belyayev noyabrın 20-də Polşanın hava məkanının pozulması ilə əlaqədar İsveçin mövqeyinin çatdırılması üçün XİN-ə çağırılıb. Görüş zamanı, həmçinin Danimarkada Ukrayna və ABŞ vətəndaşlarına qarşı sui-qəsd planlaşdırılması ilə bağlı iddialar müzakirə olunub. Danimarka tərəfi hadisə ilə əlaqədə Rusiyanı ittiham edir.
İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard ölkəsinin Polşa və Danimarkanın yanında olduğunu vurğulayıb. O, Rusiyanın Avropa ölkələri arasında parçalanma yaratmaq və Ukraynaya dəstəyi zəiflətmək cəhdlərinin nəticəsiz qalacağını bildirib.
Nazir əlavə edib ki, Ukraynaya dəstək İsveçin xarici siyasətində əsas prioritet olaraq qalır.
Öz növbəsində, Rusiyanın İsveçdəki səfirliyi Moskvanın Polşanın hava məkanının pozulması və Danimarkada qanunsuz fəaliyyətlərlə əlaqəsinə dair inandırıcı sübutların olmadığını bəyan edib və irəli sürülən ittihamları rədd edib.