Türkiyənin Azov liderlərini Ukraynaya verməsi hansı nəticələrə səbəb ola bilər?
İki ilə yaxın davam edən Rusiya-Ukrayna müharibəsinin ən kritik mərhələsi yaşanır. Son həftə ərzində baş verən hadisələr müharibənin bundan sonrakı mərhələsinə ciddi təsir edə bilər. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun taxıl dəhlizi müqaviləsi ilə bağlı açıqlaması, eyni zamanda “Azov” komandirlərinin Türkiyədən Ukraynaya qaytarılması ciddi müzakirələrə səbəb olub.
"Operativ Media"nın suallarını cavablandıran hərbi-siyasi ekspert Telman Qasımov bu iki hadisənin bir-biri ilə bağlı olduğunu deyir. Ekspertin fikrincə, gərginliyin əsas səbəbi taxıl dəhlizinin fəaliyyətinin bitməsi və uzadılıb-uzadılmaması ilə bağlı olan mücərrəd vəziyyətdir.
"Taxıl dəhlizi Rəcəb Tayyib Ərdoğanın ideyası və siyasi iradəsi ilə reallaşdı. Hansı ki, bu qərarla Türkiyə prezidentinin siyasi nüfuzu da artdı. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun iyulun 17-də taxıl dəhlizi ilə bağlı müqavilənin başa çatması ilə bağlı açıqlaması bu hadisələrlə birbaşa bağlıdır. İdeya rəhbəri Rəcəb Tayyib Ərdoğan olan layihənin dayandırılması Putinin Ərdoğana vurduğu bir zərbədir əslində".
Telman Qasımovun sözlərinə görə, məsələ heç də “Azov” komandirlərinin təhvil verilməsi ilə bağlı deyil. Son bir ay ərzində baş verən bütün hadisələr əslində taxıl dəhlizi ilə bağlıdır.
"Azovçuların təhvil verilməsi, Zelenskinin Türkiyəyə səfəri və iki ölkə arasında yeni müqavilələrin bağlanması, Ukraynada "Bayraktar" zavodunun inşası, bundan əvvəl artilleriya qurğularının Ukraynaya verilməsi - bütün bunlar hesablanmış addımlardır. Ayın 17-si bilinəcək ki, Putinin qərarı necə dəyişir. Əgər taxıl dəhlizi ilə bağlı qərar ləğv olunsa, ehtimal belədir ki, Türkiyə-Ukrayna ilə daha da yaxınlaşacaq. Bu isə Rusiyanın ağır olan vəziyyətini daha da pis vəziyyətə qoyacaq. Rusiya Türkiyə münasibətlərini soyudacaq. Bütün hallarda 17-dək artıq bilinəcək"-deyə hərbi-siyasi ekspert bildirib.