BMT Qəzzada aclıq barədə xəbərdarlıq edib
"Münaqişə başlayandan bəri ehtiyac duyulan qidanın yalnız 10%-i Qəzzaya çatıb və sektor hazırda böyük ərzaq qıtlığı və geniş yayılmış aclıqla üzləşib".
"Operativ Media" xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) xəbərdarlıq edib.
"Qəzza zolağında demək olar ki, heç bir qida və ya su təchizatı yoxdur və ehtiyac duyulan şeylərin çoxu sərhədləri keçib bölgəyə gedə bilmir. Qışın sürətlə yaxınlaşması, sığınacaqların təhlükəli və izdihamlı olması və təmiz su çatışmazlığı ilə bağlı mülki əhali geniş miqyaslı aclıq təhlükəsi ilə üzləşir", - Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkey bildirib.
Ümumdünya Ərzaq Proqramı Qəzzada təşkilatla ortaq şəkildə fəaliyyət göstərən sonuncu çörək zavodunun yanacaq çatışmazlığı səbəbindən bağlandığını təsdiqləyib. Məhz bu səbəbdən Qəzza zolağında 130 çörək zavodunun hamısında çörək istehsalı dayandırılıb.
"Çərşənbə axşamı günü yük maşınları Misirdən gəlib Qəzza zolağına ləvazimatları boşaltsa belə, maşınlar üçün kifayət qədər yanacaq olmadığı üçün onlar sığınacaqlardakı mülki şəxslərə çata bilməyiblər", - məlumatda bildirilib.