BMT: Qəzzada təhlükəsiz yer yoxdur
"Qəzza zolağında təhlükəsiz yer qalmayıb, hətta BMT bayrağı altında sığınacaqlar belə hücuma məruz qalır".
"Operativ Media" xəbər verir ki, bunu brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
"Qəzza zolağında təhlükəsiz zonalar yoxdur. Bütün yüksək vəzifəli həmkarlarım çox dəqiq məlumat verdilər. O cümlədən baş katib Qəzzada təhlükəsiz yerlərin olmadığını söylədi", - Dujarrik bildirib.
O, həmçinin vurğulayıb ki, hətta həyatda qalmağa və bir az yemək və ya su almağa çalışan minlərlə insanın sığındığı BMT bayrağı altında sığınacaqlar da münaqişənin başlanğıcından bəri təhlükəlidir.
Dekabrın 1-də İsrail Müdafiə Qüvvələri anklav sakinlərinin evakuasiyasını asanlaşdırmaq üçün Qəzza zolağının yeni məhəllə və rayonlara bölünmə xəritəsini dərc edib. Yenilənmiş xəritə dərc edilməzdən bir neçə saat əvvəl İsrail HƏMAS hərəkatını atəşkəsi pozmaqda günahlandıraraq Qəzzada döyüşləri bərpa edib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi qeyd edib ki, ABŞ administrasiyası İsrail hakimiyyəti tərəfindən mülki insanlar üçün təhlükəli və təhlükəsiz zonaları göstərən Qəzza zolağının xəritəsinin dərc olunmasını düzgün istiqamətdə atılmış addım hesab edir. O əlavə edib ki, İsrail hakimiyyəti, daha dəqiq və ehtiyatlı davranmaq üçün səy göstərir.