Blinken fransalı həmkarı ilə Yaxın Şərqdə eskalasiya təhlükəsini müzakirə edib
ABŞ dövlət katibi Antoni Blinken Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə Yaxın Şərqdə gərginliyin artması təhlükəsini müzakirə edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, ABŞ və Fransanın xarici işlər rəhbərləri arasında söhbət yanvarın 3-də baş tutub. Onlar Qəzza zolağında münaqişənin genişlənməsinin qarşısını almaq üçün tədbirlərin, o cümlədən İordan çayının qərb sahilində gərginliyin azaldılması, Livan və İranda gərginliyin qarşısının alınması üçün konstruktiv addımların vacibliyini müzakirə ediblər".
Bəyanatda əlavə edilib ki, Blinken İranın dəstəklədiyi Husilər tərəfindən Qırmızı dənizdə ticarət gəmilərinə edilən qanunsuz hücumların dərhal dayandırılması, qeyri-qanuni saxlanılan gəmilər və ekipajın sərbəst buraxılmasının zəruri olduğunu bildirib. Bundan əlavə, xarici əlaqələr idarələrinin rəhbərləri Qəzza zolağında mülki itkilərin sayının minimuma endirilməsinin vacibliyini vurğulayıb və Fələstin anklavına humanitar yardımın çatdırılmasını təmin etmək üçün beynəlxalq əməkdaşlığın zəruriliyini təsdiq edib.