ABŞ Bosniya və Herseqovinadakı hadisələrə müdaxilə edə bilər
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 Döyüş Şahinləri yanvarın 8-də Bosniya və Herseqovina (BH) üzərində təlim missiyası keçirəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ-nin Sarayevodakı səfirliyi məlumat yayıb.
Məlumata görə, bu addım həm də Vaşinqtonun BH-nin ərazi bütövlüyünün təmin edilməsinə sadiqliyini və hər hansı ərazilərdən ayrılmağa cəhd ediləcəyi təqdirdə hərəkətə keçməyə hazır olduğunu nümayiş etdirəcək.
"Bu ikitərəfli təlim Qərbi Balkanlarda sülh və təhlükəsizliyi təşviq edən və ABŞ-nin anti-Deyton və separatçı hərəkətlər qarşısında BH-nin ərazi bütövlüyünü təmin etmək öhdəliyini nümayiş etdirən qabaqcıl hərbi əməkdaşlığın nümunəsidir. Birləşmiş Ştatlar vurğuladı ki, BH-nin Konstitusiyası ayrılmaq hüququnu təmin etmir, ona görə də kimsə onun bu əsas elementini dəyişdirməyə cəhd edərsə, ABŞ hərəkətə keçəcək", - diplomatik missiyanın bəyanatında deyilir.
"ABŞ təyyarələri missiyanı başa vurduqdan sonra dərhal bazaya qayıdacaq. Sürətlə geri dönmək, hədəfə çatmaq və bazaya qayıtmaq bacarığı Birləşmiş Ştatların gücünü istənilən vaxt istənilən yerə yönəltmək və müttəfiqləri və tərəfdaşları ilə işləmək bacarığını nümayiş etdirir", - səfirlik qeyd edib.