Ukrayna: Britaniya-Ukrayna sazişi Londonun münaqişədə iştirakını nəzərdə tutmur
"Kiyev və Londonun imzaladığı təhlükəsizlik zəmanətləri haqqında sazişdə Böyük Britaniyanın Rusiya ilə münaqişədə birbaşa iştirakı və ya krallığın qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsinə dair müddəalar yoxdur".
"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna prezident ofisinin saytında dərc edilmiş sənəddə qeyd edilib.
Bununla belə, sazişdə deyilir ki, Böyük Britaniyanın təhlükəsizlik zəmanətlərinə Ukraynaya beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün, o cümlədən dəniz və azad iqtisadi dəniz zonası, milli iqtisadiyyatın bərpası və vətəndaşlarının müdafiəsi üçün hərtərəfli yardımın göstərilməsi daxildir.
London həmçinin öz müdafiə sənayesini Ukraynada Böyük Britaniyanın müdafiə təyinatlı məmulatlarının təmirinin, texniki xidmətinin və istehsalının lokallaşdırılmasına dəstək vermək üçün Ukrayna ilə işləməyə həvəsləndirmək, həmçinin bu sahədə əməkdaşlıq üçün maneələri aradan qaldırmaq və texnologiyanı paylaşmaq niyyətindədir.
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları, eləcə də Rusiyanın aktivlərinin dondurulmasını davam etdirəcək, eyni zamanda bu vəsaitlərin Ukraynaya kömək etmək üçün istifadə imkanlarını araşdıracaq.
London, həmçinin sənədə uyğun olaraq, Ukraynanın NATO-ya daxil olmasını təşviq edəcək.
Rusiya ilə yeni münaqişə yaranarsa, Böyük Britaniya və Ukrayna 24 saat ərzində məsləhətləşməli olacaqlar. Böyük Britaniya həmçinin öz qanunvericiliyinin tələbləri çərçivəsində Ukraynaya sürətli və davamlı təhlükəsizlik yardımı, bütün zəruri sahələrdə müasir hərbi texnika, habelə iqtisadi dəstək göstərməyi, Rusiyaya qarşı iqtisadi və digər sanksiyalar tətbiq etməyi ilə bağlı Ukrayna ilə məsləhətləşmələr aparacaq.
Müqavilə 10 il müddətinə daha da uzadılması şərtilə və ya Ukrayna NATO-ya daxil olana qədər bağlanıb. Müqavilə çərçivəsində sənədin müəyyən müddəalarını həyata keçirəcək xüsusi qurumların yaradılması nəzərdə tutulur.