Uşaqlar nə üçün özlərinə "xəyali dost" yaradırlar?
Nərmin Qocamanlı
Çox vaxt uşaqlar öz beyinlərində xəyali bir obraz yaradıb onunla dostluq edirlər. Bu dost onlarla çox yaxşı yola gedir, istədikləri oyunları oynayır və danışır. Təbii ki, uşaqlarının gözəgörünməz dostu adətən valideynləri təşvişə salır. Bəs balacaların özlərinə xəyali dost yaratmaq ehtiyacı nədən qaynaqlanır?
Bu barədə psixoloq Fərqanə Mehmanqızı "Operativ Media"ya açıqlamasında qeyd edib ki, müəyyən bir yaş dövründə uşağın xəyali dostunun olması normaldır:
"Amma bəlli bir yaşdan sonra xəyali dost hansısa travmalardan, şəxsiyyət pozğunluğundan, hətta şəxsiyyət ikiləşməsindən də xəbər verə bilər. Buna görə də bu kimi şeyləri zarafat, əyləncə, yaxud uşağın fantaziyası kimi yox, real problem kimi görmək və qarşısını almaq lazımdır. Burada əsas səbəblər sırasında ilk növbədə təklik, yalnızlıq, özünə qapanma durur. Ən çox sosiallaşmamış uşaqlar özlərinə dost uydururlar və o dost ilə sanki hər yerə gedirlər, dərdləşirlər. Bu təbii ki, uşağın başqaları ilə münasibət qura bilməməyindən xəbər verir".
Psixoloqun sözlərinə görə, valideynlər uşaqlarında bunun ilk əlamətlərini gördükdə onu psixoloqa aparmalıdırlar ki, problemin kökü həll olunsun və gələcəkdə başqa problemlərə yol açmasın".