Son vaxtlar ən çox müzakirə edilən mövzulardan biri də ipoteka və kirayə üsulu ilə təqdim olunan mənzillərin hansının sərfəli olmasıdır.
Bu günə qədər 48 017 nəfər ipoteka üsulu ilə mənzil sahibi olub. 4413 nəfər isə satmaq öhdəliyi ilə kirayə mənzil əldə edib.
Bəs hansı üsul daha sərfəlidir?
“Operativ Media”ya açıqlama verən əmlak məsələləri üzrə ekspert Vüqar Vəliyev deyir ki, minlərlə insan kirayə yolu ilə mənzil sahibi olmağı gözləsə də, mexanizm özünü doğrultmadı. Bu gün bazarda ipoteka yolu ilə mənzil almaq istəyənlər çoxdur, nəinki kirayə üsulu ilə alanlar.
“Demək olar ki, layihə gözlənilən kimi özünü doğrultmadı. Hamı gözləyirdi ki, kirayə qiymətinə mənzil alacaqlar. Amma evlərin sahəsi böyük olduğundan qiymətləri də baha oldu. Satışda 250 kvadratmetrdən böyük ölçüdə olan evlər var idi. Orta gəlirli insan necə alsın o evi? Gəlin, indi qiymətlərə baxaq: 500 manata tam əşyalı kirayə ev tapmaq mümkündür. Amma İpoteka və Kredit Zəmanət Fondunun təklif etdiyi evlər o qiymətə deyil. Ona görə də insanlar ipoteka kreditlərinə üstünlük verirlər, nəinki kirayə yolu olan evlərə”.
Eskpertin sözlərinə görə, satışa təklif olunan evlərin maya dəyəri reallığı əks etdirmir. Fondun təklif etdiyi ərazilərdə vətəndaş daha ucuz qiymətə ev tapıb onu ipoteka yolu ilə ala bilər.
“Satmaq öhdəliyi ilə verilən kirayə mənzillər İpoteka və Kredit Zəmanət Fondunun təklif etdiyi evlərdən seçilir. İpoteka ilə mənzil almaq istəyən vətəndaş isə ölkənin hər yerindən, çıxarışı olan istənilən mənzili seçə bilər. Kirayə yolu ilə satılanların qiymətləri baha olsa da, vətəndaşlar alırlar. Kimin axıra qədər ödəyə biləcəyi isə sual altındadır. Fond Bakıda Surxay Noçuyev küçəsində iki ev satışa çıxarıb. 132 kavdratlıq 3 otaqlı ev 300 ay 1036 manat ödəməklə təklif olunur. Bununla yanaşı 12 435 manat da ilkin ödəniş lazımdır. Yekunda ev vətəndaşa 323 235 manata başa gəlir. Eyni binada isə 4 otaqlı tam təmirli evlər 210 min manata təklif olunur. İpoteka şərtlərinə uyğun vətəndaş daha ucuz qiymətə ala bilər”.






