Beynəlxalq Kosmik Stansiyada yaşam necədir?
Son günlərin ən çox müzakirə edilən mövzularından biri də türk astronavt Alper Gezeravcının kosmosa uçması ilə bağlıdır. 19 yanvarda kosmosa uçan Alper 14 gün ərzində Ax-3 missiyasında digər astronavtlarla birlikdə qalaraq müxtəlif elmi missiyaları həyata keçirəcək. Bu müddət ərzində o, insanların kosmosda baş verən hadisələrlə bağlı suallarını da cavabsız qoymayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə ilk türk astronavt öz "Instagram" səhifəsində paylaşım edib.
Alper Gezeravcı mayelərin dağılmama səbəbinin səthi gərginlik olduğunu deyib:
"Yeməklər Dünyadan hazır vəziyyətdə göndərilir. Sıfır cazibə mühitində qidalar peristaltik hərəkət deyilən və avtonom işləyən əzələlərlə hərəkət edir. Bu yolla qida borusu və bağırsaqlarda qidanın hərəkəti təmin edilir. Bunun cazibə qüvvəsi ilə heç bir əlaqəsi yoxdur. Tualet prosesi üçün isə tozsoran kimi vakum edən sistemlər var ki, ifrazatı sorur. Yuxu zamanı isə sadəcə özünüzü bir yerdə stabil saxlayaraq yata bilərsiniz. Cazibə qüvvəsi olmadığı üçün bu, suda yatmağa bənzəyir. Bədən çəkinizin ağırlığını hiss etmədiyinizə görə ağrısız bir şəkildə rahat yatmaq mümkündür",
O, qeyd edib ki, geri qayıtma tarixi fevralın 3-nə nəzərdə tutulub, lakin hava şəraitindən asılı olaraq müəyyən dəyişikliklər baş verə bilər.
Türk astronavt həmçinin geridönmə zamanı kapsulun hara və necə enməli olmasından da bəhs edib:
"ISS-in 28.000 km/saat sürətinə görə, fizikdə çəp atış hərəkətinə bənzər bir hərəkətlə başlayan və atmosferə girdikdən sonra açılan 2 paraşütlə şaquli hərəkətə çevrilən dönüş yolu hesablanır və düşmə nöqtəsi əvvəlcədən planlaşdırılır. Düşmə əsnasında qarşılama qrupu suyun üstündəki enmə nöqtəsində hazır vəziyyətdə gözləyir".