Quterreş İsrailin hərbi əməliyyatlarının yayılmasından narahatdır
BMT-nin baş katibi Antonio Quterreş İsrailin Qəzza zolağında hərbi əməliyyatını yüz minlərlə fələstinlinin sığındığı Rəfah şəhərinə qədər genişləndirmək planlarından narahatlığını ifadə edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Quterreş BMT Baş Assambleyasının 78-ci sessiyasının plenar sessiyasında məruzə ilə çıxış edərkən bildirib.
"İsrailin hərbi əməliyyatları baş katib olduğum müddətdə Qəzzada misilsiz miqyasda və sürətlə dağıntılara və ölümlərə səbəb olub. Mən İsrail ordusunun yüz minlərlə insanın sığındığı Rəfahda hərbi əməliyyat aparmaq niyyətində olduğu barədə xəbərlərdən narahatam. Bu cür hərəkətlər onsuz da mürəkkəb olan dəhşətli humanitar vəziyyəti daha da pisləşdirəcək və bu, region üçün misilsiz nəticələrə gətirib çıxaracaq", - deyə Quterreş qeyd edib.
Baş katib təcili humanitar atəşkəsə və bütün girovların ilkin şərt olmadan azad edilməsinə çağırışını təkrarlayıb: "Bundan sonra Birləşmiş Millətlər Təşkilatının qətnamələri, beynəlxalq hüquq və əvvəlki razılaşmalar əsasında iki dövlətli həllə nail olmaq üçün tez bir zamanda geri dönməz addımlar atılmalıdır".