Ukrayna və Qəzzada münaqişələrin həlli 2024-cü ildə BMT-nin prioriteti olacaq
Ukrayna və Qəzzadakı münaqişələrin həlli 2024-cü ildə BMT-nin sülh və təhlükəsizlik işinin əsas istiqaməti olacaq.
"Operativ Media" xəbər verir ki, bunu dünya təşkilatının baş katibi Antonio Quterreş BMT-nin 2024-cü il üçün prioritetlərinə həsr olunmuş mətbuat konfransında deyib.
"Sülh və təhlükəsizlik sahəsində bütün dünya üçün dərin nəticələrə səbəb olan iki "yandırıcı münaqişənin" həllini tapmağın kritik əhəmiyyətə malik olduğuna inanıram. Bunlar Ukrayna və Qəzza problemləridir", - baş katib qeyd edib.
Quterreş əlavə edib ki, Ukrayna münaqişəsinin həlli üçün BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq ədalətli və davamlı sülhün əldə edilməsi istiqamətində çalışmağı vacib hesab edir.
"Qəzzəyə gəlincə, vəziyyət getdikcə pisləşir. Hərbi əməliyyatlar nəticəsində yaranan ölüm və dağıntılarla yanaşı, Qəzzada fələstinliləri aclıq və xəstəlik vurur. Dərhal atəşkəs lazımdır. Beynəlxalq hüquq və əvvəlki razılaşmalar əsasında iki dövlət həll istiqamətində real addımlar atılmalıdır", - deyə dünya təşkilatının rəhbəri bildirib.