Hindistanlı fermerlər də etirazlara başlayıblar
Hindistanın mərkəzi Pəncab, Haryana və Uttar Pradeş əyalətlərindən olan fermerlər yardım tələb edərək paytaxta doğru yürüşə başlayıblar.
"Operativ Media" xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.
Belə ki, Kənd təsərrüfatı işçiləri Hindistan hökumətinin nümayəndələri ilə beş saat davam edən və gecə saatlarında başa çatan görüşün nəticələrindən narazı qalıblar. İclasda Respublikanın Kənd Təsərrüfatı və Sənaye və Ticarət nazirliklərinin rəhbərləri Arjun Munda və Piyuş Göyal iştirak ediblər. Nəticədə, bəzi razılaşmalar əldə olunsa da, fermerlərin əsas tələbi ilə bağlı konsensus əldə olunmayıb və gələcək məhsullar üçün minimum dəstək qiymətlərinə zəmanət verən qanun qəbul edilməyib.
Fermerlərin sözçüsü Sarvan Sinqh Pandher görüşdən sonra jurnalistlərə deyib:
"İki il əvvəl hökumət tələblərimizin yarısını yerinə yetirəcəyinə söz vermişdi. Biz məsələni sülh yolu ilə həll etmək istəyirdik. Amma hökumət səmimi deyil. Onlar sadəcə vaxtımızı boş yerə sərf etmək istəyirlər".
Kənd təsərrüfatı işçilərinin etirazına görə Yeni Dehli polisi təhlükəsizlik tədbirlərini gücləndirib. Bazar ertəsindən paytaxta giriş məhdudlaşdırılıb, sərhədlərdə barrikadalar qurulub, traktorların keçidi qadağan edilib. Məhdudiyyətlər səbəbindən Dehlinin bir çox yerlərində yollarda kilometrlərlə avtomobil sıxlığı yaranıb.