Almaniya Aİ-nin Qırmızı dənizdəki əməliyyatında iştirak edəcək
Almaniya hökuməti Qırmızı dənizdə kommersiya gəmilərinin təhlükəsizliyini təmin etmək üçün Avropa İttifaqının (Aİ) planlaşdırılan "Aspides" ("Qalxanlar") hərbi əməliyyatında Almaniyanın iştirakı ilə bağlı rəsmi qərar qəbul edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Volfqanq Büxner Berlində keçirdiyi brifinqdə bildirib.
"Bundestaqın mandatı 2025-ci il fevralın 28-dək davam edir və əsgərlərin sayının 700-ə qədər məhdudlaşdırılmasını ehtiva edir", - Büxner qeyd edib. "Hesse" freqatı artıq hərbi missiyada iştirak etmək üçün Almaniyadan yola düşüb. Gəminin göyərtəsində 240-a yaxın əsgər var.
Bir müddət əvvəl Aİ diplomatiyasının rəhbəri Xosep Borell, icmanın müdafiə nazirlərinin Brüsseldə keçirilən iclasından sonra keçirilən mətbuat konfransında bildirmişdi ki, Aİ dövlətləri fevralın 19-da Qırmızı dənizdə ticarət gəmilərini qorumaq üçün öz missiyalarına başlamaq barədə razılığa gəliblər. Bu missiya "Aspides" adlanır.