Fransanın Ermənistana bir sıra müdafiə silahları göndərəcəyi ilə bağlı rəsmi məlumat yayılıb.
“Operativ Media” xəbər verir ki, söhbət “Thales” şirkətinin istehsal etdiyi, 250 kilometr məsafədə təyyarələri aşkar etməyə imkan verən üç ədəd “Ground Master” radarından (GM 200), həmçinin gecəgörmə cihazları və durbinlərindən gedir.
“Ground Master” radarları müasir hava hücumundan müdafiə vasitələrindən hesab edilir. 4 ekipaj üzvü 60 dəqiqə ərzində sistemin yerini dəyişə və yenidən fəaliyyət qurula bilir. Bu isə radara at və yerini dəyiş imkanları təqdim edir. Radarlar 250 km radiusda hava məkanını qorumağa imkan verir. Silahın texniki göstəriciləri onu deməyə əsas verir ki, radar 24-30 min metr hündürlükdə uçan hədəfləri təyin edə bilir. Bu məsafə kifayət edir ki, Cənubi Qafqazda olan dövlətlərin arsenalındakı əksər uçuş aparatları və təyyarələri radar təyin etsin. Faktiki olaraq 20 min metr maksimal uçuş hündürlüyündə uçan MİQ-29 qırıcıları belə bu radarlardan yayına bilmir.
Bu radar sistemi 250 km-lik radiusda hədəfləri aşkarlasa da, hava hədəfləri üçün 2 raketin buraxılması qaydası mütləq gözlənilməlidir. Ballistik hədəflərə və qırıcılara hər zaman iki raket yönləndirilir. Raketlərdən biri hədəfdən yayındığı halda ikinci raket hədəfi vursun. Bu isə onu deməyə əsas verir ki, 3 radar kompleksi Ermənistanın sərhədlərini heç bir halda tam qoruya bilməz. Bu radarlar yalnız gizli şəkildə bir istiqaməti mühafizə edə bilər.
Vətən müharibəsindəki praktika onu göstərdi ki, səma kimindirsə, döyüşlərə hökmran odur. Azərbaycan ordusunun həyata keçirdiyi “Açıq səma” əməliyyatı ilə Qarabağdakı hava hücumundan müdafiə vasitələri sıradan çıxarıldı. Bunun ardınca isə PUA-lar, qırıcılar və helikopterlər rahat fəaliyyət göstərdi. Bununla yanaşı Azərbaycan ordusunda olan Radioelektron Mübarizə Vasitələri Ermənistan ordusunun radiolakasiya sistemini tam sıradan çıxardı. Ermənistan tərəfi uzun müddət atəş bölgəsində heçbir rabitə sistemindən istifadə edə bilmədi. Ehtimal olunur ki, Ermənistan Fransadan aldığı radarları sərhəddən uzaqda, ölkənin içərisində yerləşdirəcək. Amma bu da çıxış yolu deyil. Çünki Ermənistanın sərhəddə çəkdiyi milyonlarla dollar qiyməti olan S300 raket komplekslərini belə “Harop”lar bir zərbə ilə məhv etdi. “Ground Master” radar sisteminin Azərbaycan ordusunun arsenalında olan bilinən və göstərilməyən PUA-ları aşkar etməsi sual altındadır.
Müzakirələrə səbəb olan gecəgörmə cihazları və durbinlər isə bu və ya digər variantda Ermənistan ordusunda mövcud idi. Döyüşlər zamanı ələ keçirilən hərbi hissələrdə bahalı cihazların olması bu ordunun heç də silahdan kasad olmadığını göstərdi. 44 günlük Vətən müharibəsində Ermənistan ordusu məcbur olmadığı heç bir halda gecə döyüşlərinə qatılmadı. Azərbaycan xüsusi təyinatlılarından fərqli olaraq Ermənistan ordusu gecə əməliyyatlarına hazır deyildi. Məhz bu səbəbdən XTQ-nin bütün vacib əməliyyatları gecə icra edilirdi. Sıx meşəlik relyefdə və dumanlı havada bu avadanlıqlar tam faydasız olur. Müasir döyüş taktikasında bütün bu amillər nəzərə alınıb. Əməliyyat düşmənə maksimum görüntü verməmək şərti ilə xüsusi taktika ilə icra edilir. Ermənistan ordusuna verilən silahın təyinatından, qiymətindən asılı olmayaraq döyüşən ruhda əsgərinin olmaması bu ordunu hər zaman məğlubiyyətə aparacaq.
Elmin B.