Turistlərin hotel və ev rezarvasiya etmələri üçün nəzərdə tutulan dünyaca məşhur ''Booking'' platforması Azərbaycanda elə də populyar deyil. Bu gün Bakıdan əhalisinə və ərazisinə görə xeyli kiçik olan Tiflisdə turistlərə “Booking” vasitəsilə 2000-dən artıq ev və hotel təklif edilsə də, Bakıda bu rəqəm 700-ü keçmir.
İstanbulda isə bu gün üçün turistlərə 7000-ə yaxın mənzil və hotel seçimi şansı verilir.
Kifayət qədər qazanclı sahə hesab edilən onlayn ev kirayəsinə maraq niyə azdır?
Turizm üzrə ekspert Elgün Babayev “Operativ Media”ya açıqlamasında bildirib ki, vətəndaşlar birbaşa tanımadıqları adamlara ev verməkdən çəkinirlər. Buna görə də, onlar vasitəçilərə üz tuturlar.
''Bu gün vətəndaşlarımız evlərini istər Bakıda, istərsə də regionlarda, ya rieltorlara, ya da turizm şirkətlərinə təklif edirlər. Çünki ev sahibləri “Booking” portallarının müştərilərini tanımadıqları üçün birbaşa vasitəçilərə təqdim edirlər. “Booking” əlavə olaraq evlərin hər gün dolu olma ehtimalı azdır. Həmçinin ev sahiblərində turistlərin mənzili onlara hansı vəziyyətdə təhvil verəcəyi nigarançılığı da var. Yerli sakin öz evini təqdim edərkən xarici vətəndaşı tanımır. Təbii ki, turisti görmədiyi üçün çətinlik çəkir. O bilmir ki, onun evinə necə baxacaqlar və s. buna görə də, bu cür ev kirayəsi elə də populyar deyil. Amma “Booking”də Azərbaycandan hotel və ev seçiminin çox olması müsbət hal olardı. Bu, turistlərə əlavə seçim imkanı verir. Səyahəti sevənlərin öz büdcələrinə uyğun gecələmə yerlərini rahatlıqla tapa bilməsi gələcəkdə turist sayının artmasına gətirib çıxara bilər”.
Əmlak eksperti Nofəl Quliyev isə deyir ki, yerli vətəndaşlar tərəfindən kirayə evlərə tələbat hədsiz çoxdur. Bəzi riskləri nəzərə alan ev sahibləri mənzillərini əsasən aylıq kirayə üçün təqdim edirlər.
''Bizim sahibkarlar, ölkə vətəndaşları, istərsə ev sahibləri gündəlik kirayələrə yox, əsasən evlərini aylıq kirayə verməyə üstünlük verirlər. Burada da “Booking”dən daha çox evlərini alqı-satqı şirkətlərinə verirlər. Çünki şirkətlə müqavilə bağladıqlarına görə onların işi asanlaşır. Vaxt baxımından, təmizlik baxımından sərfəli yol evi normal şirkətlərə verməkdir. "Tarqovu" kimi tanınan Nizami küçəsində 800-1000 manata kirayə verilən evlər var. Turistlər isə kiçik, amma səliqəli ev axtarırlar. Qiymət ortalama günlük 100 manatdan başlayır. Xüsusi günlərdə 150-180 manat arası dəyişir. Elə evlər var ki, günlük 500 manata kirayə verilir. Əgər “Booking” üzərindən ay ərzində 15 günlük sifariş daxil olsa, ortalama iki min manata yaxın pul edir. Vergi, təmizlik və digər xərcləri də nəzərə alsaq xalis gəlir 1500 manat civarındadır. Tətil günlərində isə bu rəqəm iki dəfə çox ola bilər. Evin otaq sayı artdıqca qazanc da o say uyğun artır. Çünki ərəb ölkələrindən gələn turistlərin ailə sayı çox olur. Əksər hallarda da böyük evləri kirayə götürürlər”.






