Novruz öncəsi "Yaşıl Bazar"da vəziyyət - FOTOLAR

Sabah Azərbaycanda Novruz bayramı qeyd oluncaq. Bu gün bayramla əlaqədar bazarlarda canlanma hiss olunur. İnsanlar bayram süfrəsini bəzəmək üçün alış-verişə tələsir.
Bəs qiymət və keyfiyyət baxımından digər bazarlardan fərqlənən "Yaşıl Bazar"da vəziyyət necədir?
Operativ Media "Yaşıl Bazar"dakı qiymətlərlə maraqlanıb.
Bazarda bayramın simvolu, Novruz süfrəsinin ayrılmaz hissəsi olan səmənilərin qiymətləri ölçüsünə və bəzədilməsinə görə 2 AZN-dən 35 AZN-ə qədər dəyişir. Satıcıların sözlərinə görə, alıcılar daha çox orta ölçülü və sadə bəzədilmiş səmənilərə üstünlük verirlər.
Bayram süfrəsini çərəz olmadan təsəvvür etmək olmaz. Satıcılar bildirib ki, çərəzlər müxtəlif qiymətlərlə təklif olunur. Lakin tələbat elə də çox deyil.
Meyvələrin qiyməti isə yerinə və keyfiyyətinə görə dəyişir. Bazarda portağalın qiyməti 3-8 AZN aralığında dəyişir. "Qızıl Əhmədi" alma növünün qiyməti 5 AZN-dən başlayır.
Bazarda tərəvəzlərdə qiymət artımı müşahidə olunur. Xiyarın kiloqramı 4-5 AZN, pomidor isə növünə görə 5 AZN-dən 25 AZN-ə qədər dəyişir. Satıcılar bunu məhsulun keyfiyyəti və mənşəyi ilə əlaqələndirirdilər.
Novruz süfrəsinin əsas yeməyi olan plov üçün düyünün qiymətləri nisbətən sabit idi. Xüsusi olaraq plov üçün nəzərdə tutulan düyülərin kiloqramını 5-8 AZN arasında təklif olunur. Bayramqabağı bu məhsula tələbatın yüksək olduğunu bildirirdilər. Lənkərən zəfəranının 1 stəkanı 5 AZN, Bakı zəfəranının 1 qramı isə 12 AZN-dən başlayır.
"Yaşıl Bazar"da mal ətinin kiloqramı 15 AZN-dən başlayır.
Ümumiyyətlə "Yaşıl Bazar"da Novruz öncəsi həm məhsul çeşidi, həm də qiymət baxımından geniş seçim imkanı var.
Satıcılar bildirirlər ki, bayram öncəsi "Yaşıl Bazar"da çeşit bol olsa da tələbat azdır. Alıcılar isə qiymətlərin yüksək olmağından narazıdırlar.
Saytımıza qiymətlərin yüksək olduğunu bildirən vətəndaş qeyd etdi ki, buradan bayram bazarlığı etmək üçün ən azı 3 min manat maaş almaq lazımdır.







