Menyu

Berlindən Bakıya üzr məktubu - Almaniyadan adekvat addım

Əsəd Abbaslı
Berlindən Bakıya üzr məktubu - Almaniyadan adekvat addım

“Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin sosial şəbəkə hesabında yol verilmiş texniki qüsurun aradan qaldırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prinsipial mövqeyinin beynəlxalq münasibətlər sistemində qəbul edilməsinin növbəti təsdiqidir. Bu, eyni zamanda Almaniya Federativ Respublikasının Azərbaycanın qoyduğu tələblərə münasibətdə atdığı adekvat addımdır”.

Bunu “Operativ Media”ya açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib.

Millət Vəkili Almaniyanın Azərbaycana ünvanladığı üzr məktubundakı ifadələrin diplomatik mənasını isə belə şərh edib:

“Almaniya tərəfi Federal Prezidentin ofisi səviyyəsində — o, eyni zamanda dövlət katibi vəzifəsini daşıyır — Dr Dörte Dinger Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici Əlaqələr Şöbəsinin müdiri, Azərbaycan Prezidentinin Köməkçisi cənab Hikmət Hacıyevə məktub ünvanlayaraq üzrxahlıq diləyib.

Almaniya tərəfi bu hadisənin texniki səhv olduğunu, yanlışlıq nəticəsində baş verdiyini bildirərək, buna görə məyusluğunu ifadə edib və səmimi üzrxahlığını çatdırıb. İkinci mühüm məqam isə bu addımın Almaniya Federativ Respublikasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məlum mövqeyinə heç bir təsir etmədiyinin vurğulanmasıdır. "Məlum mövqe" dedikdə, Almaniyanın 1992-ci ildə diplomatik münasibətlər yarandığı gündən bəri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi nəzərdə tutulur. Bu mövqe 1995-ci ildə imzalanmış dövlətlərarası münasibətlərin əsasları haqqında Anlaşma Memorandumu, 2009-cu ildə Almaniya Bundestaqının Cənubi Qafqazda sabitliklə bağlı qəbul etdiyi qətnamə, eləcə də 2015-ci ildə qəbul edilmiş digər bir qətnaməsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi birmənalı şəkildə dəstəklənib.

Dr Dinger tərəfindən cənab Hikmət Hacıyevə ünvanlanan məktubda da Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə münasibətdə mövqeyinin dəyişməz olduğu bir daha təsdiqlənmişdir. Üçüncü əsas məqam isə Federal Prezidentin Azərbaycana səfərinin məqsədinin iki ölkə arasında tərəfdaşlığın möhkəmləndirilməsi olmasıdır.

Digər diqqətçəkən məqam isə Ştaynmayerin Almaniyanın xarici işlər naziri olduğu dövrdən etibarən Prezident İlham Əliyevlə mövcud olan səmimi və açıq dialoqdur.

Bu dialoq uzun illərdir davam edir. Azərbaycan Prezidenti dəfələrlə həm Bakıda, həm də Almaniyada Ştaynmayerlə müzakirələr aparmışdır. Onlar arasında çoxsaylı telefon danışıqları baş tutmuşdur. Bu gün isə Federal Prezident səviyyəsində Azərbaycana səfər ediləcək və İlham Əliyevlə görüş baş tutacaq. Bu görüşdə mühüm gündəm məsələləri müzakirə ediləcəkdir. Ən vacib məsələlərdən biri isə ikitərəfli münasibətlərə yönəlmiş təxribatın qarşısının alınmasıdır. Bu təxribat Azərbaycan Respublikasının Prezidentinin prinsipial mövqeyi sayəsində tam qətiyyətlə dəf edildi. Bununla da təxribatın ikitərəfli münasibətlər səviyyəsində diplomatik skandala çevrilməsinə və ya eskalasiya edilməsinə yol verilmədi” – Rizvan Nəbiyev vurğulayıb.

Teqlər:

"Berlind\u0259n Bak\u0131ya \u00fczr m\u0259ktubu - Almaniyadan adekvat add\u0131m"

Əlaqəli Xəbərlər