Menyu

Alimentin minimum məbləği nə qədər olmalıdır?

Nərmin Qocamanlı
Alimentin minimum məbləği nə qədər olmalıdır?

Hazırda Azərbaycanda alimentin minimum məbləği 246 manatdır.

Bəs bu məbləğ bir uşağın ehtiyaclarını qarşılamaq üçün yetərlidirmi?

Məsələ ilə bağlı sosioloq Mətanət Məmmədova Operativ Media-ya danışıb. 

"Sürətlə bahalaşan qiymətlər fonunda alimentin minimum məbləğinin 246 manat olması kifayət qədər aşağı məbləğdir. Boşanmış şəxslərin əksəriyyəti minimum əməkhaqqından bir qədər yüksək, yəni təxminən 500-700 AZN aralığında maaş alır. Bu isə o deməkdir ki, həmin ailələrdə böyüyən uşaqlar yüksək məbləğdə aliment ala bilməyəcək.

246 manat bir uşağın aylıq qida və digər əsas ehtiyaclarını qarşılamağa kifayət etmir. Məsələn körpənin gündəlik əsas qidaları kifayət qədər bahadır və üç gündən bir yenilənməlidir. Bundan əlavə körpəyə gündəlik uşaq bezi lazımdır. Sadəcə bu ikisi belə ayda 246 manatdan daha çox edir. Geyim, həkim müayinəsi, əlavə qidalar və digər zəruri xərclər uşağın yaşına uyğun olaraq daha da artır.

Mövcud iqtisadi şəraitdə məhsul qiymətləri demək olar ki hər gün dəyişir. Bu gün alınan məhsul sabah daha baha qiymətə təklif olunur. Belə bir vəziyyətdə aliment məbləğinin real xərclərə uyğun hesablanması vacibdir.

Bir çox mütəxəssis aliment fondunun yaradılmasını təklif edir. Belə bir fondun təsis edilməsi boşanmış ailələrin maddi vəziyyətinə uyğun olaraq uşaqlara dəstək verilməsinə kömək edə bilər. Əsas məqsəd alimentin daha ədalətli şəkildə bölüşdürülməsi və uşaqların əsas ehtiyaclarının tam ödənilməsidir.

Əlbəttə bu fonda ciddi nəzarət olunmalıdır. Təəssüf ki, bəzi valideynlər alimenti uşağın xərcləri üçün deyil, şəxsi məqsədləri üçün istifadə edir. Buna görə də belə bir sistemin şəffaf və effektiv işləməsi üçün mexanizmlər hazırlanmalıdır.

Hazırkı şərtlər daxilində alimentin minimum 246 manat olması yetərli deyil. Bir uşağın real yaşayış xərcləri nəzərə alınaraq aliment məbləği yenidən hesablanmalıdır".

Teqlər:

"Alimentin minimum m\u0259bl\u0259\u011fi n\u0259 q\u0259d\u0259r olmal\u0131d\u0131r?"

Əlaqəli Xəbərlər