Enerji effektivliyi fondunun maliyyələşdirdiyi layihələrə dair tələblər təsdiqlənib
Energetika Nazirliyinin Kollegiyası "Enerji effektivliyi fondunun vəsaiti hesabına maliyyələşdirilən layihələrə dair Tələblər"i, "Enerji effektivliyi fondunun vəsaiti hesabına pilot layihələrin maliyyələşdirilməsi, həmçinin subsidiya və qrant alınması üçün ərizə forması"nı və "Enerji effektivliyi fondunun vəsaiti hesabına müvəkkil kredit təşkilatları tərəfindən layihələri maliyyələşdirilən fiziki və ya hüquqi şəxslər haqqında məlumat forması"nı təsdiqləyib.
Operativ Media xəbər verir ki, bununla bağlı nazir Pərviz Şahbazov yeni qərar imzalayıb.
Qərara əsasən, Fondun vəsaiti hesabına aşağıdakı layihələr maliyyələşdirməyəcək:
- silah və sursat istehsalı və ya ticarəti;
- alkoqollu içkilərin istehsalı və ya ticarəti;
- tütün məmulatlarının istehsalı və ya ticarəti;
- torpaq və mövcud binaların satın alınması, kirayəsi və ya icarəsi;
-istifadədə olmuş avadanlıqların təkrar istifadəsi;
- radioaktiv materialların istehsalı və ya ticarəti (tibbi və keyfiyyət nəzarəti avadanlıqları istisna olmaqla);
- asbest liflərinin istehsalı və ya ticarəti;
- təhlükəli kimyəvi maddələrin istehsalı, ticarəti, saxlanması və ya istifadəsi;
- idarə olunan meşələrdən olmayan ağac və ya meşə məhsullarının istehsalı və ya ticarəti.
Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.