Uşaqlara “oyuncaq” adı ilə silah almaq nə dərəcə düzgündür?
Ayşən Sadıxzadə
Uşaq oyuncaqları təkcə əyləncə vasitəsi deyil, eyni zamanda uşağın dünyagörüşünü, davranış modelini və dəyərlər sistemini formalaşdıran mühüm amillərdən biridir.
Oyuncaq silahlar, xüsusilə real silahlara vizual olaraq çox oxşayan modellər, uşaqlarda zorakılığın adi və məqbul davranış kimi qavranılmasına səbəb ola bilər.
Silahlı oyunlar aqressiyanın artmasına, empati hissinin zəifləməsinə və münaqişələrin güc yolu ilə həllinin normallaşmasına yol aça bilər.
Bu barədə Operativ Media-ya klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov danışıb.
Psixoloqun fikrincə oyuncaq silahlar hər zaman satılıb və uşaqların çoxu oyuncağın nə olduğunu anlayır:
“Uşaq oyun vasitəsilə dünyanı dərk edir, rollar qurur, hərəkət və macəra ssenariləri oynayır. Bütün uşaqlar oyuncaqlarla oynayır. Oğlan uşaqlarının maşın və bənzər hərəkətli oyuncaqlara marağı geniş yayılıb, silah formasında oyuncaqlar da onların maraq dairəsində olur. Oyuncaq uşağın yaşına və davranış xüsusiyyətlərinə uyğun seçilməlidir. Uşaqlara fərdi yanaşma vacibdir, çünki eyni yaşda olan uşaqlar həmişə eyni inkişaf səviyyəsində olmur.
Məsələ oyuncağın formasında deyil, onun uşağa hansı məna və mesajla təqdim olunmasındadır. Oyuncaq adı ilə zorakılığı cazibədar göstərmək, aqressiyanı qəhrəmanlıq kimi təqdim etmək, uşağın düşüncəsində güc anlayışını silahla bağlamaq doğru deyil. Bu nöqtədə həlledici faktor valideynin mövqeyi və evdə qurulan tərbiyə çərçivəsidir. Valideyn oyuna sərhəd qoyanda və düzgün izah verəndə oyuncaq sadəcə oyun predmeti kimi qalır. Valideyn oyunu yanlış emosional yüklə təqdim edəndə uşaqda istənməyən assosiasiyalar yarana bilər.
Valideynlər uşağın fikir və davranışlarını mütəmadi izləməlidir. Uyğunsuzluqlar görünəndə psixi sağlamlıq mütəxəssisinə vaxtında müraciət etmək vacibdir. Uşağın davranışlarını gizlətmək və ya yüngülləşdirmək düzgün deyil. Oyun və oyuncaqlar da uşağın daxili dünyasını, narahatlıqlarını, qorxularını və aqressiya səviyyəsini görməyə imkan verir, çünki uşaq çox vaxt özünü ən rahat şəkildə məhz oyun zamanı ifadə edir.”
