Menyu

İlham Əliyev: Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq

Operativ Media
İlham Əliyev: Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq

Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Dövlət başçısı Azərbaycanda yaradılmış əlverişli investisiya mühitindən bəhs edib, ölkəsinin Avropanın enerji təhlükəsizliyində oynadığı roldan danışaraq deyib:

"Bizimlə olduğunuza görə bir daha təşəkkür edirəm. Mən şirkətlərin siyahısına baxdım və dediyim kimi, bizimlə uzun illər çalışan şirkətləri gördüm. Onlar, həmçinin bunu öz çıxışlarında qeyd etdilər. Məsələn, "Apple", "Baker Hughes", "Boeing", bp, "Coca-Cola", "Ericsson", "Exxon", "J.P. Morgan", "Honeywell", "Marriott", "Mastercard", "Visa" və mənim üçün bəzi digər yeni adlar da var. Beləliklə, düşünürəm ki, mövcud əməkdaşlığı artırmaq üçün yaxşı tərkib var. Ölkəmizə ilk dəfə səfər edən şirkətlər üçün isə Azərbaycanda işgüzar fəaliyyət aparmaq üçün bu görüş yaxşı istinaddır. Ümumiyyətlə, ölkəmizdə çox müsbət biznes mühiti mövcuddur. Biz nəhəng sərmayələri cəlb etmişik. Əgər ölkənin ölçüsünə və əhalinin sayına baxsanız, son iki onillik ərzində 350 milyardlıq sərmayə həqiqətən çox böyük rəqəmdir. Hamımızın bildiyi kimi, sərmayələr istənilən ölkənin inkişafında əsas aparıcı qüvvədir. Biz və qanunvericiliyimiz hər zaman xarici sərmayələrə açıq olub. O cümlədən 30 il əvvəl imzalanmış pay bölgüsü sazişlərinə gəldikdə, heç bir söz belə dəyişməyib".

İlham Əliyev deyib ki, bir çox ölkələrlə imzalanmış strateji tərəfdaşlıq sənədləri, sazişlər və bəyannamələr var:

"Bilirəm ki, belə hal dünyanın hər yerində olmur. Bəzən siz danışıqlar aparmaq, müəyyən güzəştlərə getmək və sonra isə şərtlərə yenidən baxmaq istəyirsiniz. Burada heç zaman elə hal olmayıb, çünki biz tam əminik ki, xüsusi olaraq, dediyim kimi, 1990-cı illərin əvvəlində yoxsul vəziyyətdə olmuş ölkəyə etimad qurulmalı idi. Siz etimadı illər boyu qurmalısınız və yalnız bir səhv addım həmin etimadı poza bilər. Bir sözlə, biz həmin səhv addımı atmamışıq. Əksinə, bu gün, bizimlə işləyən şirkətlərin sayı artır. Beynəlxalq əlaqələrimizin coğrafiyası da genişlənir. Bir çox ölkələrlə imzalanmış strateji tərəfdaşlıq sənədləri, sazişlər və bəyannamələr var. Ölkələrdən bəziləri bir-biri ilə yaxşı münasibətdə deyil. Lakin mən hər zaman demişəm ki, Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq. Hər kəs üçün kifayət qədər imkan olacaq və əlbəttə, ölkənin inkişaf gündəliyi göstərir ki, biz düz yoldayıq. Bu gün dediyim kimi, Birləşmiş Ştatlarla münasibətlər yeni, tamamilə əla dövrə qədəm qoyur. Biz çox həvəsliyik və şirkətlərimiz arasında birbaşa əlaqələri qurmaq üçün həmin böyük fürsətdən istifadə etmək istəyirik".

Əlaqəli Xəbərlər