Havanın isti keçməsi kənd təsərrüfatına necə təsir edəcək? - AÇIQLAMA
Hələ fevral ayı olmasına baxmayaraq son günlər ölkə ərazisində isti hava şəraiti müşahidə olunur.
Bəs havaların isti keçməsinin kənd təsərrüfatına təsiri necə olacaq?
Mövzu ilə bağlı Operativ Media-ya danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, hazırda müşahidə olunan hava şəraiti bitkilər üçün normal hesab olunur:
“Qarşıdan yaz mövsümü gəlir və havaların mərhələli şəkildə istiləşməsi təbii prosesdir. Əgər kəskin soyuqlar və mənfi temperatur qeydə alınmazsa, 17–18 dərəcəlik istilik həm əkin sahələrinə, həm də heyvandarlığa əsasən müsbət təsir göstərir.
Mülayim istilər bitkilərin vegetasiya prosesini aktivləşdirir, torpaqda bioloji prosesləri sürətləndirir və inkişaf üçün əlverişli mühit yaradır. Eyni zamanda, heyvandarlıqla məşğul olanlar üçün də bu cür hava şəraiti əlverişlidir. Heyvanların örüş sahələrinə çıxarılması asanlaşır, ot örtüyünün formalaşması və böyüməsi üçün uyğun şərait yaranır.
Bu baxımdan, havanın 17–18 dərəcə civarında keçməsi və kəskin şaxtaların olmaması hazırkı mərhələdə mənfi təsir riskini yaratmır və əksinə, kənd təsərrüfatının müxtəlif sahələri üçün müsbət fon formalaşdırır”.
Ekspert Akif Nəsirli isə bildirib ki, havaların isti keçməsi əkin sahələrinə həm müsbət, həm də mənfi təsir göstərə bilər:
"Temperatur bir qədər yüksək olduqda və torpaqda kifayət qədər nəmlik olduqda bitkilərin inkişafı sürətlənir, yetişmə müddəti qısalır və məhsuldarlıq arta bilər. Xüsusilə bəzi taxıl və tərəvəz növləri isti havada daha tez inkişaf edir. Lakin istilər uzun müddət davam edərsə və su çatışmazlığı yaranarsa, məhsuldarlıq azala bilər.
Torpaq tez quruyur, bitkilər stress keçirir, çiçəkləmə və tozlanma prosesi zəifləyir. Buna görə də isti havanın məhsuldarlığa təsiri əsasən suvarma imkanlarından, torpaq şəraitindən və əkilən bitkinin növündən asılıdır”.

