Menyu

Bakı restoranlarında iftar qiymətləri - ARAŞDIRMA

Ayşən Sadıxzadə
Bakı restoranlarında iftar qiymətləri - ARAŞDIRMA

Sabah (fevralın 19-da) Azərbaycanda Ramazan ayı başlayır. 

Bakıda fəaliyyət göstərən bir çox restoran Ramazan ayı üçün xüsusi iftar menyuları və kampaniyalar təqdim edirlər. Ailəvi və ya kollektiv şəkildə iftar etməyi planlaşdıranlar üçün isə əsas sual qiymətlərlə bağlıdır.

Bəs paytaxt restoranlarında iftar menyularının qiymətləri nə qədərdir?

Operativ Media Bakıda fəaliyyət göstərən bir sıra məşhur restoranların təkliflərini araşdıraraq qiymətləri təqdim edir.

● "Günaydın" – 1 nəfər üçün 90 AZN

● "Ocakbaşı Manqal" – 1 nəfər üçün 65 AZN

● "Mamameri" – 2 nəfərlik 65 AZN

● "Cıdır" – 1 nəfər üçün 40–50–60 AZN

● "The Mood Baku" – 1 nəfər üçün 30–35 AZN

● "Ruby360" Baku – 1 nəfər üçün 45 AZN

● "Baku Marriott Hotel Boulevard"  – 1 nəfər üçün 48 AZN

● "Buta Baku" – 1 nəfər üçün 22.90 AZN

● "Sky Grill" – 1 nəfər üçün 70 AZN

● "Prive Steak Gallery" – 1 nəfər üçün 45–60–70 AZN

● "Hilton Garden Inn Baku" – 1 nəfər üçün 35 AZN

● "La Terrace"  – 1 nəfər üçün 22 AZN

● "Miramar Baku" – 1 nəfər üçün 30–35 AZN

● "Nasha Dacha" – 1 nəfər üçün 45 AZN

Qeyd edək ki, göstərilən qiymətlərə şorba, qarnirlər, əsas yeməklər, şirniyyat və çay daxildir. Menyuların tərkibi, porsiyaların həcmi və xidmət şərtləri restorandan asılı olaraq dəyişə bilər.

Bəs iftar süfrəsi ümumilikə neçəyə başa gəlir?

Məsələ ilə bağlı Operativ Media-ya danışan iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, iftar süfrəsi adi günlərlə müqayisədə daha baha başa gəlməməlidir:

"Əksinə, əgər Ramazan ayının mahiyyətinə və dini ənənələrinə uyğun davranılarsa, iftar süfrəsi digər günlərdən daha sərfəli ola bilər. Əlbəttə, bizdə formalaşmış ənənəyə görə insanlar tez-tez iftarı birgə, daha çox restoran və ictimai məkanlarda təşkil edirlər. Məhz bu amil xərclərin artmasına səbəb olur. Çünki burada həm xidmət haqqı, həm də menyu qiymətləri ümumi məbləği yüksəldir.

Amma ev şəraitində, daha sadə və israfdan uzaq şəkildə təşkil olunan iftar süfrəsi Ramazan müddətində ailə büdcəsinə ciddi təsir göstərmir. Düşünürəm ki, məsələ daha çox süfrənin mahiyyətində deyil, onun necə və harada təşkil olunmasındadır”.

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, iftar süfrəsinin xərci tamamilə ailənin seçimindən asılı olur:

"Əgər dörd nəfərlik bir ailəni nəzərə alsaq, adətən bu ailədə uşaqlar da olur. Kiçik yaşlı uşaqların Ramazan ayında oruc tutması isə geniş yayılmış hal deyil. Bu baxımdan, dörd nəfərlik ailədə iki böyük şəxsin oruc tutduğunu fərz etsək, iftar süfrəsinin xərci tamamilə ailənin seçimindən asılıdır.

İki nəfərlik iftar süfrəsini olduqca zəngin şəkildə təşkil etmək mümkündür və bu zaman xərc 100–150 manata çata bilər. Eyni zamanda, daha sadə, israfdan uzaq və minimal menyu ilə süfrə qurmaq da olar ki, bu da 10–20 manata başa gələr.

Yəni burada əsas məsələ məbləğ deyil, insanların istəyi və maddi imkanlarıdır. İftarın mahiyyəti bolluq nümayiş etdirmək yox, mənəvi dəyərləri qorumaqdır. Süfrənin qiyməti deyil, niyyət və ölçü önəmlidir".

Əlaqəli Xəbərlər