Menyu

MEDİA: İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı məlumatlar dezinformasiyadır

Operativ Media
MEDİA: İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı məlumatlar dezinformasiyadır

Sosial şəbəkələrdə Azərbaycanın İranla dövlət sərhədinə guya Azərbaycan Ordusuna məxsus ağır silahların yerləşdirilməsi haqqında paylaşım mahiyyəti bilərəkdən təhrif olunmuş informasiya manipulyasiyasıdır.

Operativ Media xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

Qeyd edilib ki, bu ilin yanvar ayında hərbi texnikanın yerdəyişmə prosesini əks etdirən həmin görüntünün yönləndirici ifadələrlə yeni "fakt" kimi təqdim edilməsi ictimai rəyi çaşdırmaq məqsədi güdür.

"Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar zamanı məlumatları manipulyasiya edərək təşviş yaratmağa yönəlmiş bu kimi informasiya təxribatlarını qəti şəkildə pisləyirik. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti və ya dislokasiyası haqqında məlumatları yaymaq cinayət məsuliyyəti daşıyır. Regiondakı gərginlik fonunda sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatların verilməsi dezinformasiya riskini artıraraq cəmiyyətdə çaşqınlıq yaratmağa yönəlib".

Qurumun məlumatında bildirilib ki, media subyektləri sosial şəbəkələrdəki informasiya axınına münasibətdə yüksək peşəkarlıq göstərməli, yalnız rəsmi mənbələrə istinad etməli, mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır.

Əlaqəli Xəbərlər